Deputat Çepa: Paşinyanın siyasəti erməni xalqı arasında ixtilaf və xaos toxumu səpirbackend

Deputat Çepa: Paşinyanın siyasəti erməni xalqı arasında ixtilaf və xaos toxumu səpir

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti ölkədə daxili gərginliyin kəskin artmasına və hakimiyyət dəyişikliyi ilə nəticələnəcək xalq iğtişaşlarına səbəb ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa “Parlamentskaya qazeta”ya müsahibəsində bildirib.

“Gördüyüm qədərilə Paşinyan ölkə üçün deyil, şəxsi mənfəəti üçün “iki stulda oturmağa” çalışır. Öz qəribə hərəkətləri ilə o, erməni xalqı arasında ixtilaf və xaos toxumu səpir, müxalifəti sıxışdırır və Katolikosla (kilsə ilə – red.) mübarizə aparır”, — deyə Çepa qeyd edib.

Deputat Ermənistanın Avropa İttifaqına daxil olmaq niyyəti barədə bəyanatlarını “absurd” adlandırıb. O, misal olaraq Türkiyənin 40 ildir Aİ-yə qəbul edilmədiyini xatırladıb və Ermənistanın ittifaqla ortaq sərhədi belə olmadığını vurğulayıb. Çepa həmçinin Paşinyanın eyni vaxtda həm NATO, həm KTMT, həm MDB, həm də Aİ-də olmağa çalışmasının qeyri-mümkünlüyünü və bunun ölkə üçün ağır nəticələr verə biləcəyini deyib.

Çepa xüsusi olaraq Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Azərbaycanla əldə olunan razılaşmanı və onun “Tramp marşrutu” adlandırılması təklifini “müxtəlif ölkələrin liderlərinə xoş görünmək cəhdi” kimi qiymətləndirib. Onun fikrincə, “küçədən hakimiyyətə gələn adam” xalqın adından danışmağa çalışsa da, əslində ölkənin ziyanına olan addımlar atır.

Rusiya-Ermənistan münasibətlərinə toxunan deputat Moskvanın Ermənistandakı hərbi bazası və bəzi tədarüklər barədə ciddi düşünməli olduğunu vurğulayıb: “Yadda saxlamaq lazımdır ki, Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır və buğda, yağ, dərman kimi mühüm məhsulların böyük hissəsi məhz Rusiyadan gəlir”.

Sonda Aleksey Çepa qeyd edib ki, Paşinyanın kilsəyə hücumları və cəmiyyətdə yaratdığı gərginlik onun siyasi yolla deyil, məhz “qəzəbli xalqın iradəsi ilə” vəzifəsindən kənarlaşdırılmasına gətirib çıxara bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*