Rusiya Donetsk və Zaporojye istiqamətlərində hücumu gücləndirə bilər.
KONKRET.az xəbər verir ki, “DeepState” analitiklərinin məlumatına görə, Rusiya ordusu cəbhənin bir sıra istiqamətlərində irəliləyiş əldə edib.
Xüsusilə, Donetsk vilayətinin Baxmut və Pokrovsk rayonlarında vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Ekspertlərin fikrincə, Rusiyanın Donetskdə əsas məqsədi Slavyansk-Kramatorsk aqlomerasiyasını nəzarətə götürməkdir. Zaporojye istiqamətində isə Rusiya qüvvələrinin vilayət mərkəzinə doğru yeni hücum cəhdlərinə hazırlaşdığı qeyd olunur.
Analitiklər mayın 11-də Zakitne yaşayış məntəqəsi yaxınlığında da Rusiya qüvvələrinin irəliləyişini qeydə alıblar. Bildirilir ki, Rusiya ordusu bu ərazinin cənubunda mövqelərini genişləndirərək qonşu Kaleniki istiqamətinə qədər yaxınlaşıb.
ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) hesab edir ki, 11 maya qədər qüvvədə olmuş “atəşkəsdən” istifadə edən Rusiya cəbhəyə əlavə ehtiyat qüvvələr göndərib. Ukraynalı hərbi ekspert Denis Popoviçin sözlərinə görə, yaz-yay kampaniyasının növbəti mərhələsində Rusiya ordusu əsas diqqəti Donetsk və Zaporojye vilayətlərinə yönəldəcək.
“Donetsk vilayətində onların məqsədi hər kəsə məlumdur . Slavyansk-Kramatorsk aqlomerasiyasının ələ keçirilməsidir. Zaporojyedə isə əsas niyyət Orexovun ətrafından keçərək vilayət mərkəzinə doğru vahid hücum xətti formalaşdırmaqdır”, — deyə Popoviç bildirib.
Ekspert əlavə edib ki, hazırda Volçansk uğrunda döyüşlər davam edir və Ukrayna qüvvələri burada müəyyən taktiki irəliləyiş əldə edib.
Onun sözlərinə görə, Xarkov və Sumı vilayətlərində tərəflər arasında qüvvə balansı hazırda təxminən bərabərdir. Rusiyalı hərbi analitik Yuri Podolyak isə bildirib ki, bəzi istiqamətlərdə Ukrayna ordusu əks-hücumlar həyata keçirir. Onun sözlərinə görə, Ukrayna qüvvələri qış aylarında itirilmiş bəzi mövqeləri geri qaytara bilib.
Podolyak qeyd edib ki, “Dnepr” qruplaşmasının məsuliyyət zonasına daxil olan Stepnoqorsk və Primorsk yaxınlığında Ukrayna ordusu fəal əks-hücum aparır. O, həmçinin bildirib ki, Orexovun cənubunda — Novodanilovka və Malaya Tokmaçka ətrafında da şiddətli qarşıdurmalar davam edir.
Onun sözlərinə görə, Rusiya ordusu Zaporojye vilayətində Qulyaypole istiqamətində də irəliləməyə çalışır, lakin hələlik yeni yaşayış məntəqələri üzərində nəzarət qura bilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
