Erməni siyasətçi: “Bu gün ölkədə ürək, ağıl və mədə arasında mübarizə gedir”backend

Erməni siyasətçi: “Bu gün ölkədə ürək, ağıl və mədə arasında mübarizə gedir”

Ermənistanda qarşıdan gələn seçkilərlə bağlı siyasi gərginlik davam edir.

KONKRET.az xəbər verir ki, erməni siyasətçi Arman Abovyan sosial şəbəkədə paylaşdığı açıqlamada ölkədə insanların “iki düşərgəyə bölündüyünü” bildirib.

Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının böyük əksəriyyəti üçün ölkənin simvolları Ağrı dağı, Erməni Apostol Kilsəsi, Monte Melkonyan, “Nemesis” əməliyyatının iştirakçıları, Xankəndi və Şuşa, eləcə də həyatını itirmiş erməni hərbçiləridir.

Abovyan qeyd edib ki, əksəriyyət üçün Ermənistanın əsas dəyərləri “şərəf və ləyaqət, mədəniyyət və tarix”dir.

O iddia edib ki, bəzi şəxslər üçün isə Ermənistanın simvolu ölkənin konturu həkk olunmuş “sarı plastik nişan”a çevrilib.

Siyasətçi bildirib ki, hazırkı seçki mübarizəsi məhz bu iki yanaşma arasında gedir.

“Bu gün ölkədə ürək, ağıl və mədə arasında mübarizə gedir”, – deyə Abovyan vurğulayıb.

Onun sözlərinə görə, müxalifət insanlara sağlam düşüncə ilə müraciət etdiyi halda, hakimiyyət Nikol Paşinyanın rəhbərliyi altında insanların “ən aşağı instinktləri” üzərində oynayır və cəmiyyətdə qarşıdurma yaratmağa çalışır.

Abovyan əlavə edib ki, Paşinyan komandası “sonsuz sülh vədləri”, “müharibə şantajı” və “daxili siyasi isteriya” vasitəsilə sadə insanları öz tərəfinə çəkə biləcəyinə inanır.

Erməni siyasətçi bunun yanlış yanaşma olduğunu bildirib və erməni xalqının “yaddaşını və sağlam düşüncəsini itirmiş manqurtlar” olmadığını deyib.

Abovyanın fikrincə, seçkilərin nəticəsi Ermənistanın gələcək taleyi üçün həlledici olacaq.

O bildirib ki, əsas məsələ “erməni insanının dövlətinin” qorunub-qorunmayacağıdır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*