Azərbaycanda Aİ-95 markalı benzin bahalaşa bilər – SƏBƏB BUDURbackend

Azərbaycanda Aİ-95 markalı benzin bahalaşa bilər - SƏBƏB BUDUR

Rusiyanın neft emalı müəssisələrinə edilən kütləvi hücumlar və bəzi zavodların təmirə dayanması yanacaq təminatı ilə bağlı müəyyən çətinliklər yaratmaqdadır. Xüsusilə AI-95 markalı benzin istehsal edən müəssisələrin fəaliyyətində yaranan fasilələr bu məhsulun bazardakı təklifinə təsir göstərir.

Burada əsas sual yaranır: Rusiyada AI-95 markalı benzinin istehsalı və təklifində yaranan problemlər Azərbaycan bazarına necə təsir edə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, Azərbaycan AI-95 markalı benzinin müəyyən hissəsini əsasən Rusiyadan idxal edir.

Milli Məclisin deputatı Azər Badamov “Erkən kəsimə son” kampaniyasına qoşulub - Video

“Əgər Rusiyada bu markalı benzinin istehsalı və təklifi azalarsa, təbii olaraq ixrac həcmləri də aşağı düşəcək. Bu isə region ölkələri kimi Azərbaycanın da yanacaq bazarında müəyyən risklər yaradacaq. İlk növbədə idxalın azalması və ya baha başa gəlməsi premium yanacaq seqmentində qiymət təzyiqini artıra bilər.

Lakin Azərbaycan hökumətinin və SOCAR-ın bu məsələdə müəyyən imkanları mövcuddur. Əsas addımlardan biri Heydər Əliyev adına Neft Emalı Zavodunda AI-95 markalı benzinin istehsalının artırılması ola bilər. Son illərdə zavodun modernizasiya olunması və “Avro-5” standartlarına uyğun yanacaq istehsal imkanlarının genişləndirilməsi daxili bazarın təminatı baxımından mühüm əhəmiyyət daşıyır”.

A.Badamov bildirib ki, əgər daxili istehsal artırılarsa, bu, Azərbaycan bazarında AI-95 markalı benzinin qiymətinin sabit saxlanılmasına və mümkün qıtlığın qarşısının alınmasına imkan verə bilər.

“Bununla yanaşı, alternativ idxal bazarlarının – məsələn, Belarus, Rumıniya və digər ölkələrin aktivləşdirilməsi də risklərin azaldılması baxımından vacib addım hesab olunur.

Ümumilikdə, yaxın aylarda AI-95 benzini üzrə müəyyən qiymət təzyiqi ehtimalı istisna olunmasa da, dövlətin bazara müdaxilə imkanları, daxili istehsalın artırılması və idxalın şaxələndirilməsi kəskin bahalaşmanın qarşısını alacaqdır. Əsas məsələ daxili bazarın davamlı təminatı və enerji təhlükəsizliyinin qorunmasıdır”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*