Paşinyan: 28 may paradından sonra hərbi texnika İrəvanda qalacaqbackend

Paşinyan: 28 may paradından sonra hərbi texnika İrəvanda qalacaq

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, mayın 28-də İrəvandakı Respublika meydanında keçiriləcək paraddan sonra hərbi texnika gün ərzində şəhərdə saxlanılacaq.

KONKRET.az xəbər verir ki, hazırda məzuniyyətdə olan və hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatlığa namizədlər siyahısına rəhbərlik edən Paşinyan bu barədə Araqatsotn vilayətinin Talin şəhərində seçicilərlə görüş zamanı danışıb.

Onun sözlərinə görə, parad başa çatdıqdan sonra hərbi texnika Tiqran Mets prospektində nümayiş etdiriləcək ki, insanlar yeni ordunu görüb onunla qürur duya bilsinlər.

Paşinyan bildirib ki, Ermənistanın artıq yeni silahlanmaya, yeni keyfiyyətə və yeni məntiqə malik ordusu var.

O, vətəndaşları mayın 28-də Respublika meydanına gəlməyə və hər şeyi öz gözləri ilə görməyə çağırıb.

Baş nazir hakimiyyətin ən böyük nailiyyətinin sülhün təmin olunması olduğunu deyib.

Paşinyanın sözlərinə görə, bunun əsas rəqibi “üçbaşlı müharibə partiyası”dır.

“Müharibə partiyasının 23 başı var idi. Biz bu başları bir-bir kəsdik və üçü qalıb. Siz bizə həmin son üç başı birdəfəlik kəsməyə kömək etməlisiniz”, – deyə Paşinyan bildirib.

O qeyd edib ki, indiki parlament seçkilərinin məntiqi 2021-ci ildə keçirilən növbədənkənar seçkilərdən fərqlənir.

“2021-ci ildə gəlib dedik ki, gələcək var. Bu gün isə deməyə gəlmişik ki, gələcək artıq gəlib”, – deyə Ermənistanın baş naziri vurğulayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*