Kamil Musəvinin yeni OBRAZI – Laqeyd döyüşçü özünü seçicilərə necə sırıyır?backend

Kamil Musəvinin yeni OBRAZI – Laqeyd döyüşçü özünü seçicilərə necə sırıyır?

Döyüş yoldaşı Elşən Yusifov Kamil Musəvini sərt tənqid etdi

Bir neçə müddətdir deputatlığa namzədlərin təbliğat-təşviqat kampaniyalarını maraqla izləyirəm. Etiraf edim ki, bu sırada 60 saylı Salyan-Neftçala dairəsindən seçkilərə qoşulan qazi Kamil Musəvinin canfəşanlığı daha çox diqqətimi çəkirdi. Səmimi deyim ki, qazimizə həmişə böyük hörmətim olub və onun seçkilərə qatılmağını da normal hesab etmişəm. Amma kampaniya boyu keçmiş hərbiçinin öz statusundan sui-istifadə edərək seçicilərdə özü haqqında mif formalaşdırmaq cəhdəri, populist çıxışları məndə belə bir sual yaradırdı ki, görəsən, doğrudanmı keçmiş hərbçi millət vəkilliyinə hazırdır?!

Təəssüf ki, mediadan oxuduğum yazılarda rast gəldiyim nüanslar Kamil Musəvinin uğursuz namizəd obrazını canlandırdı.

Söhbət 2015-ci ilin 12 oktyabrında Kamil Musəvi ilə bir döyüş əməliyyatında minaya düşən Elşən Yusifovun acı xatirələrindən gedir.

Həmin əməliyyatda sol ayağını itirən E.Yusifovun döyüş yoldaşı Kamil Musəvi barədə dedikləri insanda xəyal qırıqlığı yaradır:

– 2015-ci ilin 12 oktyabrında əmrə əsasən Talışkənd istiqamətindən keçid üçün hərəkətə başladıq. Adətən belə hərəkətlər bir neçə qrupla həyata keçirilir. Mən də birinci qrup idim. Özüm də xidmət etdiyim hərbi hissənin baş istehkamçısıydım. Mənimlə birlikdə tağım komandiri Kamil Musəvi və köməkçim Şahmar Həsənli idi. Adətən istehkamçıya lazım olan alətləri vermək üçün köməkçisi olur. Arxamda onlar hərəkət edirdilər. Keçid boyunca xeyli hərəkət etmişdik. Düşməndəki əraziyə girməyə az qalmışdı.

Adətən istehkamçılar gedəndə özlərindən sonra arxalarında kəndir qoyurlar. Bu kəndirdən nə sağa, nə də sola keçmək olmaz. Arxadan gələn qrup kəndirin izi ilə hərəkət etməlidir. Çünki  mina zolağı 50-60 sm – 1 metr enində açılır. Ərazi çox təhlükəli idi. Kamil çox həyəcanlı idi, bir getdi-gəldi, iki getdi-gəldi. Üçüncüdə məndən arxada minaya düşdü. O, kəndirdən 30 sm sağa çıxmışdı. Həmin vaxt gözünü və ayağını itirdi. Şahmar Həsənli də başından müxtəlif xəsarətlər aldı. Sonra onları ərazidən çıxardılar, mən orda tək qaldım. Əmr gəldi ki, mən də ordan çıxım. Çıxanda isə mən minaya düşdüm, sol ayağımı itirdim, sağ ayağımdan da qəlpə yaraları aldım.

Komadan ayılandan sonra 2 aya yaxın Kamil Musəvi ilə bir palatada müalicə olunduq. O vaxtdan bəri Kamillə əlaqəm yoxdur. Çünki sosial şəbəkələrə girib baxıram, o, doğru danışmır. Nə də bir dəfə görməmişəm ki, Kamil ya mənim, ya da Şahmar Həsənli haqqında danışsın. Baxmayaraq ki, üçümüz də eyni vaxtda yaralanmışıq, eyni əməliyyatda iştirak etmişik. Xidmət etdiyim N saylı hərbi hissəyə indi də gedirəm. Orada hörmətimi saxlayırlar. Komandirim, qərargah rəisimiz mənimlə maraqlanır. Amma Kamil  Musəvi bir dəfə də olsun məni yadına salmır. Ömrümdə bir dəfə onunla keçidə getdim, o da belə.

Elşən Yusifov öz müsahibəsində ürək ağrısı ilə deyir ki, kəşfiyyat pulunu yalnız Kamil Musəvi alıb və bu barədə döyüş yoldaşlarına heç bir məlumat verməyib: “Sonra mən bu haqda Kamildən soruşdum. Dedi ki, o bu pulu alıb. Dedim, ay Kamil, bəs bir yerdə xidmət etmişik, bir yerdə minaya düşmüşük, bir dəfə zəng vurub deyəydin ki, sən də payına düşəni al. Mən də idarəmizə məktub göndərdim. Məktubun cavabı da gəldi. Deyilən sənədləri yığıb göndərdim. Cavab gəldi ki, sənədi düzgün yığmamısan. Dedim ki, nə demisinizsə, onu da yığmışam. Dedilər ki, əməliyyat hərəkət sxeminin çıxarışını göndər. Dedim ki, o məxfidir, mənə verməzlər axı. Onun əvəzinə isə mənə arayış verərlər ki, mən həmin döyüşdə iştirak etmişəm. Musəvi Kamil alıb da bu müavinəti. Mənə niyə problem yaradırsınız? Niyə fərq qoyursunuz? Birinə verib, birinə vermirsiniz? Buna görə də qalmışam naəlac. İdarə məni 2 ay süründürüb yola verdi. Üzünə qəlpələr dəyən digər döyüş yoldaşımız Şahmar Həsənli də pensiyaya çıxa bilmir. O da kontuziya alıb, gözləri yaxşı görmür. Deməyim odur ki, üçümüzdən yalnız Kamil Musəvi bütün imtiyazlardan bəhrələnib”.

Pensiya və prezident təqaüdü alan Elşən Yusifovu aldığı yaralardan daha çox döyüş yoldaşı Kamil Musəvinin laqeyd münasibəti ağrıdır.

Kamilin döyüş yoldaşlarına belə yanaşması ilə seçicilərinə verdiyi vədləri müqayisə etdikdə onun nə qədər qeyri-səmimi olduğu görünür. Açığı, Kamil cəmiyyətdə bununla olan-qalan hörmətini itirir. Sizcə, öz döyüş yoldaşlarını düşünməyən, problemləri ilə maraqlanmayan bir insan millət vəkili kimi seçicilərinə necə fayda verə bilər?

Fadil Paşayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*