Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə yeni ittiham irəli sürülüb.
KONKRET.az xəbər verir ki, prokurorluq onu xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edir. İstintaqın versiyasına görə, 2022–2024-cü illərdə dövlət tenderlərində qiymətlərin şişirdilməsi sxemi çərçivəsində o, 750 min lari (286 min dollar) nağd pul alıb.
Sxem belə işləyib: keçmiş müdafiə naziri Cuanşer Burçuladze ilə əlaqəli şirkətlər hərbi hospitala tibbi avadanlıqları 18,5 milyon lariyə, halbuki onların real dəyəri 11,5 milyon lari olduğu halda satıblar. Müqavilə məbləğinin təxminən 10 faizi – 1,9 milyon lari – keçmiş nazirin qaynı Vasili Mxeidzeyə nağd şəkildə verilib. O isə bunun 1,5 milyon larisini Burçuladzeyə çatdırıb. Burçuladze də öz növbəsində həmin məbləğin yarısını – 750 min larini – Qaribaşviliyə verib.
Burçuladze və iş üzrə digər şəxslər artıq məhkum ediliblər. Qaribaşvili isə yanvar ayında başqa ittiham üzrə təqsirini etiraf etmək barədə razılaşma imzalayıb və xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasına görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Yeni ittiham üzrə keçmiş baş naziri 11 ildən 15 ilədək həbs cəzası gözləyir. Bununla yanaşı, Qaribaşvili daha əvvəl bildirib ki, yeni korrupsiya ittihamlarını etiraf etməsi üçün ona təzyiq göstərilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
