ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nyu-York ştatının Baş prokuroru Letitia Ceymsi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edərək məhkəməyə verib.
KONKRET.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” səhifəsində yazıb.
Tramp Florida ştatının Palm Beach şəhərində məhkəməyə müraciət edib:
“Mən Florida Rayon Məhkəməsində Nyu-York əyalətinin korrupsioner Baş prokuroru Letitia Ceymsə qarşı iddia qaldırdım. O, Nyu-Yorku cinayətkarlardan qorumaq üçün heç bir iş görmür və uzun illər ərzində əziyyətlə qurduğum “Trump Organization” kimi böyük bizneslərə hücum edir”.
Onun hüquq komandası iddia edir ki, Baş prokuror Ceyms keçmiş prezidentə, ailəsinə və biznes maraqlarına qarşı təhdid və təqib müharibəsi başladıb.
Digər tərəfdən, Nyu-York Baş Prokurorluğunun sözçüsü “Axios” portalına bildirib ki, Trampın istintaqa daha əvvəl etdiyi iki müdaxilə cəhdi rədd edilib:
“Heç bir iddia bizi dələduzluğa görə cinayət məsuliyyətinə cəlb etməkdən çəkindirə bilməz”.
Qeyd edək ki, sentyabr ayında Nyu-York ştatının Baş Prokurorluğu keçmiş ABŞ prezidenti Donald Trampa rəhbərlik etdiyi “Trump Organization”da maliyyə fırıldaqçılığı ilə bağlı ittiham irəli sürüb. 2021-ci ilin iyul ayında şirkətin baş maliyyə direktoru Allen Veisselberg vergidən yayınma, fırıldaqçılıq, mənimsəmə və saxtakarlıqda ittiham edilib. Xüsusən də şirkət kreditlər əldə etmək üçün aktivlərinin dəyərini süni şəkildə şişirtməkdə şübhəli bilinir.
İqbal Rzayev,
KONKRET.az
