Şimali Koreya Rusiya ilə əməkdaşlığını genişləndirməsi sayəsində Ukraynada müharibənin başlamasından bəri təxminən 22 milyard dollar iqtisadi fayda əldə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin təhlilində bildirilir.
Qeyd olunur ki, iqtisadiyyatı dünyanın ən qapalı iqtisadi sistemlərindən biri hesab olunan və daimi valyuta çatışmazlığı yaşayan Şimali Koreya üçün bu məbləğ olduqca əhəmiyyətlidir.
BMT-nin hesablamalarına görə, ölkənin 2024-cü il üzrə ÜDM-i təxminən 17,2 milyard dollar, Cənubi Koreyanın qiymətləndirməsinə əsasən isə 25,3 milyard dollar olub. Bu baxımdan, Rusiya ilə əməkdaşlıqdan əldə olunan gəlir Şimali Koreya iqtisadiyyatının illik həcminin böyük hissəsinə bərabərdir.
Bildirilir ki, Moskva ilə Pxenyan arasında münasibətlər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra xüsusilə sürətlə inkişaf edib. 2024-cü ildə tərəflər təhlükəsizlik sahəsində qarşılıqlı dəstəyi nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Təhlilə əsasən, Şimali Koreya Rusiyaya göstərdiyi hərbi dəstəyin müqabilində maliyyə vəsaiti, enerji resursları və müxtəlif texnologiyalara çıxış əldə edir. Bu əməkdaşlıq Pxenyana beynəlxalq sanksiyaların təsirini qismən kompensasiya etməyə və normal şəraitdə əldə etməsi çətin olan resursları təmin etməyə imkan verir.
Məqalədə vurğulanır ki, iqtisadi fayda təkcə birbaşa maliyyə gəlirləri ilə məhdudlaşmır. Əlaqələrin dərinləşməsi energetika, sənaye və xarici ticarətdə yeni imkanlar yaradır, həmçinin Rusiya bazarına yönəlmiş sahələrin inkişafını sürətləndirir.
Ekspertlər hesab edirlər ki, əldə olunan resurslar həm ölkə iqtisadiyyatının dəstəklənməsinə, həm də Şimali Koreya rəhbərliyinin prioritet hesab etdiyi layihələrin həyata keçirilməsinə xidmət edə bilər. Bununla belə, ölkə iqtisadiyyatının qapalı olması bu gəlirlərin dəqiq həcmini müstəqil şəkildə qiymətləndirməyə imkan vermir.
Natiq Səlim,
KONKRET.az
