Baş katibin qənaətinə görə, Kirov və köhnə bolşeviklər qurultaydakı səsvermənin güdazına gediblər
Qatil iddia edib ki, heç bir günahı yoxdur, nəyə görə belə hərəkət etdiyini Moskvada bilirlər. Ona “tapşırıq” verilmişdi, ya verilməmişdi, mənə mühakimə etmək çətindir. Əgər tapşırıq olubsa, o zaman o, tapşırığı yerinə yetirmişdi. Ancaq bu, kimin tapşırığı ola bilərdi?
Əlbəttə, bu işi Nikolayevə Stalin şəxsən tapşırmamışdı. Bundan ötrü Nikolayev çox balaca adam idi. Ancaq məndə heç bir şübhə yoxdur ki, onu kimsə Stalinin tapşırığına əsasən hazırlayıb. Bu qətl yuxarıdan təşkil olunub. Hesab edirəm ki, bu, BDSİ rəhbəri Henrix Yaqoda tərəfindən hazırlanıb. O isə öz növbəsində yalnız Stalinin təkbətək görüşdə verdiyi məxfi tapşırığa əsasən hərəkət edə bilərdi. Əgər mühakimənin bu sxemini qəbul etsək, o zaman Nikolayev şübhəsiz ki, özünə qarşı hansısa yumşaqlığın olacağına ümid edirdi. Ancaq buna ciddi-ciddi ümid bəsləmək həddən artıq sadəlöhvlük idi. Nikolayev o qədər də böyük adam deyildi: tapşırığı icra edib və düşünüb ki, ona həyat bəxş olunacaq. Sadəcə, kütbeyin bir axmaq. Bu cür məxfi tapşırığın icra edilməsindən sonra sirri saxlamaq üçün icraçının məhv edilməsi tələb olunurdu. Və Nikolayev məhv edilmişdi.
Komissiya öz toplantılarını keçirəndə Voroşilov sağ idi, Molotov isə indi də sağdır (memuar 1966-cı ildə yazılıb). Ancaq biz o qədər də avam deyildik ki, onlardan bu barədə soruşaq. Bu da, o biri də hiddətli şəkildə uyğun sualı rədd edəcəkdilər, çünki təsdiqedici söz demək sui-qəsd sözləşməsində və Kirovun qətlində iştirakı etiraf etmək demək olacaqdı. Onlar o qədər də axmaq deyildilər.
Komissiya daha sonra müəyyən etdi ki, Stalin, Molotov və Voroşilov Leninqradda olduqları zaman Stalin Kirovun qətlinə dair aparılan təhqiqat çərçivəsində BDSİ-nin yerli komissarının yanına gətirilməsini tələb edib. Həmin gün Kirovu məhz həmin şəxs mühafizə edibmiş. Həmin günlərdə partiya fəallarına bildirilib ki, komissar avtomobillə istintaqa gətirilən zaman yük maşınının sükan sistemindəki nasazlıq üzündən qəza baş verib, maşın binanın tininə çırpılıb və komissar ölüb.
Biz komissiyaya tapşırdıq ki, komissarı istintaqa aparan şəxsləri dindirsinlər və onlar qəzanın hansı şəraitdə baş verdiyini, Kirovun mühafizəsinin rəisi olan komissarın necə həlak olduğunu danışsınlar. Bu adamları axtarmağa başladıq. Onlar üç nəfər olmuşdular. Mənə bu şəxslərin soyadını demişdilər. Onlardan ikisi yük maşınının banında, komissarla yanaşı oturubmuş, bir nəfər isə sürücünün yanında imiş. Onların hər üçünün öldüyü məlum oldu: üçünü də güllələmişdilər. Bu, bizdə daha çox şübhə doğurdu ki, hər şey təşkil olunub və maşının qəzaya uğraması da təsadüfi deyilmiş.
Mən təklif etdim: “Siz axtarın, görün, sürücü sağ qalıbmı?” Məndə bu sarıdan heç bir ümid yox idi, çünki işin necə təşkil olunduğunu görürdüm və hesab edirdim ki, görünür, sürücünü də şahidlərdən biri olduğu üçün məhv ediblər. Ancaq xoşbəxtlikdən, sürücü sağ qalmışdı. Onu dindirdilər. O təsdiqlədi ki, həmin maşının sürücüsü olub və danışdı: “Gedirdik. Yanımda çekist oturmuşdu, hey məni vadar edirdi ki, bərk sürüm, həbs ediləni tez çatdırmaq lazımdır. Bir küçənin döngəsində o, birdən-birə sükandan yapışdı və maşını binanın tininə yönəltdi. Mən cavan və cantaraq idim, sükanı yenidən ələ keçirdim. Maşın oynadı, divara toxundu və yalnız krelosu əzildi. Heç bir qəza baş vermədi. Ancaq mən eşitdim ki, bizim toqquşmamız zamanı maşının banından bərk taqqıltı səsi gəldi. Sonra elan etdilər ki, “qəza zamanı” bu komissar həlak olub”. Beləliklə, sürücünün ifadəsi Kirovun qətlə yetirilməsi ilə bağlı sui-qəsd sözləşməsinin təfərrüatlarını daha da açdı.
Əlbəttə, Kirovun özü yoxdur və burada da saplar qırılırdı – biz onları çözə-çözə qarşımızda məhz sui-qəsd sözləşməsi olduğunu aşkar edə bilərdik. Bütün şahidlər öldürülüb. Doğrudur, sürücü sağ qalıb. Mən buna heyrətləndim. Qatillər peşəkar, yüksək ixtisaslıydılar, amma hər şeyi nəzərə almayıblar. Demək olar ki, bütün cinayətlər özlərindən sonra iz buraxırlar, nəticədə üstləri açılır. Sürücü ilə də bu baş verib: sanki hər şeyi nəzərə alıblar, üç çekisti məhv ediblər, komissarı öldürüblər (əlbəttə, o, çox şey deyə bilərdi: görünür, onda hansısa tapşırıq olub, ona görə də onlar binaya daxil olanda o, pilləkənlə yuxarı qalxmağa başlayan Kirovdan geriyə qalıb), amma sürücü yaddan çıxıb.
Sonra biz Leninqrad vilayət BDSİ-nin rəisi Medvedi axtardıq. Deyilənə görə, o, Kirovun yaxın dostuydu. Onlar birlikdə ova gedir, ailəvi dostluq edirmişlər. Bəlkə Medved nəsə deyəcək? Öyrəndik ki, Medved əvvəlcə Şimala sürgün edilib, sonra isə güllələnib. Burda da iz itirdi. Kirovun yaxın adamı olaraq, onun qətl haqqında öz mühakiməsi ola bilərdi. Komissiya məruzə etdi ki, bir adam tapılıb və o, iddia edir ki, Medved yatdığı xəstəxananın həkimi olan qadına nələrsə danışıb və ona bu hekayəti gələcəkdə MK-ya çatdırmağı xahiş edib. “Mən isə, – o deyib, yaşamayacağam, məni məhv edəcəklər”. Fəqət biz Medvedin həmsöhbət olduğu həmin adamı tapa bilmədik. Biz yalnız bir sap tapdıq və o da qırıldı. Bütün bunları Şvernik komissiya vasitəsilə müəyyən etdi.
İndi mən əsas məsələyə gəlirəm: nə üçün seçim hədəfi Kirov olmuşdu? Kirovun ölümü Stalinə nədən lazım idi? O, Stalinə yaxın adam idi. Kirov Leninqrada Zinovyev müxalifətinin darmadağın olunmasından sonra göndərilmişdi və orada böyük işlər görmüşdü, Leninqrad təşkilatı əvvəllər əksəriyyət etibarilə Zinovyevin tərəfdarlarından ibarət idi. Kirov bu təşkilatı döndərdi və o, Mərkəzi Komitənin dayağına, onun qərarlarının dəstəkçisinə çevrildi. Bütün bunları Stalin özü Kirovun xidməti elan etmişdi. Bundan başqa, Kirov kütlələrin sevimlisi idi. Mən burada onun partiya tərəfindən yüksək qiymətləndirilən keyfiyyətlərinə toxunmayacağam, Yalnız onu xatırladıram ki, Kirov gözəl natiq idi və partiyanın, Leninin ideyaları uğrunda bacardığı qədər mübarizə aparırdı, xalq arasında və partiyanın daxilində çox populyar idi. Ona görə də Kirovun vurulması partiya və xalq üçün ağrılı oldu. Kirovu qurban verdilər ki, onun ölümündən istifadə edərək, ölkəni silkələmək, Stalinə sərf etməyən adamlarla, köhnə bolşeviklərlə haqq-hesab çəkmək, onları Kirova əl qaldırmaqda ittiham etmək mümkün olsun. Həmin günlərdə Nikolayev haqqnda danışırdılar ki, o, nə zamansa trotskiçi olub, amma bu, nə Stalinin sağlığında, nə də ondan sonra heç bir sənədlə təsdiqlənmədi. Şvernikin komissiyasının əli bütün materiallara çatırdı, ancaq yenə də Nikolayevin trotskiçilərlə əlaqəsi aşkarlanmadı.
Sual çıxır: köhnə bolşevikləri cəzalandırmaq Stalinə nəyə görə lazım idi? Komissiya Kirovun qətlinin araşdırılması zamanı qalaq-qalaq materiallara baxmış və çoxlu insanlarla söhbət etmişdi. Bu zaman ortaya yeni faktlar çıxmışdı. O zamanlar Şimali Qafqaz diyar partiya komitəsinin katibi Şeboldayev partiyada görkəmli yer tuturdu. Mən Şeboldayevi tanıyırdım, amma onunla yaxından tanış deyildim. 1917-ci ildə o, çar ordusunun tərkibində Türkiyə cəbhəsində xidmət etmişdi və əsgərlər arasında aktiv təbliğat işləri aparmışdı. Sonradan məlum oldu ki, bu inqilabdan əvvəl partiya stajına malik olan köhnə bolşevik Şeboldayev XVII qurultayın işində yoldaş Kirovun yanına gəlib və ona deyib: “Mironıç (yaxın adamları Kirovu belə çağırırdılar), qocalar danışırlar ki, Leninin vəsiyyətinə qayıtmaq və onu həyata keçirmək, yəni Stalini, Leninin tövsiyə etdiyi kimi, hansısa başqa işə göndərmək, onun yerinə isə ətrafdakılara daha dözümlü yanaşan bir insan gətirmək lazımdır. Xalq danışır ki, partiyanın Mərkəzi Komitəsinin baş katibi vəzifəsinə sənin gəlməyin yaxşı olardı”.
Bu söhbətin məzmunu Şvernikin komissiyasının əlinə çatmışdı və o, bu barədə MK-nin rəyasət heyətinə məruz etdi. O vaxt Kirovun Şeboldayevə nə cavab verdiyini bilmirəm. Amma aydın oldu ki, Kirov Stalinin yanına gedib və Şeboldayevlə söhbətini ona danışıb. Stalin guya ki, Kirova belə cavab verib: “Sağ ol, mən bunu unutmayacağam!”. Bu, Stalin üçün səciyyəvi açıqlamaydı: buradakı “sağ ol”dan anlamaq mümkün deyil ki, o, bu məlumata görə Kirova minnətdarlıq edib, yoxsa onu hədələyib. Bu epizod Stalinin təşkil etdiyi qəssabxananın səbəbləri üzərindəki pərdəni aralayır.
Komissiya partiyanın XVII qurultayında səsvermənin necə keçdiyinə də maraq göstərmişdi. Say komissiyasının üzvlərini axtardıq. Onlardan bəziləri sağ idi. Biz yoldaş Andreasyanı və bəzi başqalarını tapdıq. Andreasyanı yaxşı tanıyırdm, mən Moskvanın Krasnaya Presnya rayonunda katib olanda o da şəhərin Oktyabr rayonunda partiya komitəsinin katibi olmuşdu. Andreasyan Mikoyana yaxın adam idi: onlar keçmişdə ruhani seminariyasında birlikdə oxumuşdular. Andreasyan da “öz cəzasını çəkmiş”, ya 15, ya da 16 il türmədə yatmışdı. XVII qurultayın say komissiyasının sağ qalan üzvləri məruzə etdilər ki, Stalinin əleyhinə verilən səslərin miqdarı qurultayda elan olunduğu kimi altı olmayıb, ya 260, ya da 160 olub. Stalinin partiyadakı mövqeyini, təkəbbür və xarakterini nəzərə alsaq, hər iki rəqəm böyük sayılmalıdır. Qurultayda isə elan olunmuşdu ki, Stalinin namizədliyinə qarşı altı nəfər səs verib.
Say komissiyasına seçkilərin nəticələrini saxtalaşdırmaq göstərişini kim vermişdi?
P.S. Qeyd edək ki, memuarda adları çəkiləndən başqa, Henrix Yaqoda, Nikolayevin arvadı Milda Draule və hər ikisinin əksər qohumları, eləcə də Kirova Stalini devirmək ideyası verən Şeboldayev repressiyadan salamat çıxmayıblar.
Ardı var