Küçələrdə ayaqyalın gəzən sirli qoca: Onun kim olduğunu heç kim bilmirdibackend

Küçələrdə ayaqyalın gəzən sirli qoca: Onun kim olduğunu heç kim bilmirdi

1932-ci ildə Mineralnıye Vodı şəhərində qəribə görkəmi ilə diqqət çəkən bir qoca peyda oldu. Ayaqyalın gəzirdi, əynində əlvan, rəngbərəng köynək olurdu. Uşaqlarla oynayır, quşları yemləyir, pişiklərə qulluq edirdi. Hamı onu “Kuzyuka” deyə çağırırdı. Amma bu qəribə qocanın əslində kim olduğunu çox az adam bilirdi.

1932-ci ildə Rusiyanın Mineralnıye Vodı şəhərində insanlar küçələrdə tez-tez qəribə görünüşlü bir qocaya rast gəlməyə başladılar.

Onun təxminən 90 yaşı vardı. Uşaqlarla oynayır, onlarla zarafat edir, bəzən də küçənin ortasında qəribə hərəkətlər edirdi. Şəhər sakinləri onu “Kuzyuka” ləqəbi ilə tanıyırdılar.

İlk baxışdan adi bir səfil və ya ağlını itirmiş qoca təsiri bağışlayırdı. Amma onun davranışlarında qəribə bir mərhəmət vardı. Dilənərək əldə etdiyi pulları özü üçün xərcləmirdi. Uşaqlara şirniyyat və müxtəlif hədiyyələr alırdı. Quşları yemləyir, onlara baxaraq:

“Oxuyun, təki Allahı unutmayın”, – deyirdi.

Pişiklərə də yemək verirdi: “Yeyin, amma dua ilə yeyin”, – deyə onları sığallayırdı.

Bəziləri onun sözlərinə gülür, bəziləri isə yazığı gəlirdi. Çox az adam bu qəribə qocanın davranışlarının arxasında tamam başqa bir insanın dayandığını düşünürdü.

Müharibə zamanı baş verən qəribə hadisə

İllər keçdi. Müharibə başladı. Şəhərlərdə insanlar bombardman təhlükəsi altında yaşayır, uşaqların taleyi hamını narahat edirdi. Bir gün Kuzyuka uşaq bağçasının yanına qaçaraq gəldi. Birdən uşaqlara səslənməyə başladı:

“Quli-quli! Mənim arxamca! Balalarım, qaçın, arxamca gəlin!”

Uşaqlar onun sözlərinə gülərək bağçadan çıxıb qocanın arxasınca qaçmağa başladılar. Arxalarınca narazı tərbiyəçilər də çıxdılar. Onlar qocanın uşaqları niyə bağçadan uzaqlaşdırdığını anlamırdılar. Bir qədər uzaqlaşdıqdan sonra dəhşətli partlayış səsi eşidildi. Alman mərmisinin biri düz uşaq bağçasına düşmüşdü.

Lakin həmin an binada heç kim yox idi. Heç bir uşaq xəsarət almadı. Bu hadisə şəhərdə uzun müddət danışıldı. Amma heç kim bilmirdi ki, qocanın uşaqları məhz həmin anda oradan uzaqlaşdırması təsadüf idi, yoxsa o, nəyisə əvvəlcədən hiss etmişdi.

Kuzyukanın həqiqi kimliyi isə çox sonralar məlum oldu. Şəhər sakinlərinin bir qisminin sadəcə qəribə, avara və ya “müqəddəs səfeh” hesab etdiyi bu insanın əslində yüksək dini rütbəyə malik ruhani olduğu bildirilirdi.

Söhbət Feodosi Kaşindən, sonralar Qafqazlı Müqəddəs Feodosi kimi tanınan şəxsdən gedirdi. Rəvayətə görə, o, vaxtilə müqəddəs Athos dağındakı “Rizopolojenie” monastırının rəhbəri olmuşdu. Bir sıra mənbələrdə onun çoxsaylı dilləri bildiyi, hətta 14 dildə sərbəst danışdığı qeyd edilir.

Bir şəhərin sakinləri isə hər gün qarşılarından keçən yaşlı insanın kim olduğunu bilmirdilər. Onlar yalnız onun zahiri görünüşünü görürdülər.

Bəzən cəmiyyət özündən fərqli görünən insanları dərhal “qəribə”, “dəli”, “avara” və ya “yazıq” adlandırır. Halbuki həmin insanın keçmişini, yaşadıqlarını, dünyagörüşünü və həyatının gizli səhifələrini bilmirik. Kuzyuka da belə insanlardan biri idi.

107 illik həyat

Feodosi Kaşin 1948-ci ildə, 107 yaşında vəfat edib.

Onun həyatı haqqında bu gün də müxtəlif rəvayətlər danışılır. Xüsusilə uşaqları bombardmandan az əvvəl bağçadan çıxarması ilə bağlı hadisə həmin rəvayətlərin ən məşhurlarından biridir.

Bu hekayənin bütün detallarını müasir tarixşünaslıq baxımından ayrıca yoxlamaq lazım gəlsə də, onun insanlar arasında niyə bu qədər geniş yayıldığını anlamaq çətin deyil. Çünki burada sadəcə bir qocanın hekayəsi yoxdur. Burada insanlara mərhəmət edən, özünə veriləni başqaları ilə bölüşən, uşaqları sevən və həyatını qəribəlik pərdəsi altında keçirən bir insan obrazı var.

Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*