Erməni mediası Laçında Həkəri çayı istiqamətində Azərbaycanın irəliləmək istədiyini iddia edib. Diqqətçəkən məqam isə hazırda Azərbaycan–Ermənistan sərhədində sülh şəraitinin hakim olması və delimitasiya prosesinin davam etməsidir.
Sülh gündəliyinin ön planda olduğu bir vaxtda belə iddiaların ortaya atılmasının səbəbi nədir?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Həkəri–Laçın istiqaməti strateji baxımdan son dərəcə həssas ərazidir:
“Azərbaycan burada öz təhlükəsizliyini təmin etmək, sərhəd mövqelərini möhkəmləndirmək və infrastrukturunu inkişaf etdirmək hüququna malikdir. Amma bunu Ermənistan ərazisinə doğru “irəliləyiş” kimi təqdim etmək siyasi interpretasiyadır.
Hesab edirəm ki, burada informasiya müharibəsinin elementləri daha çox görünür. Məqsəd Azərbaycanı “hərbi təhlükə mənbəyi” kimi təqdim etmək, Ermənistan cəmiyyətində müharibə qorxusunu diri saxlamaq və sülh prosesinə qarşı skeptik yanaşmaları gücləndirməkdir.
Eyni zamanda, Ermənistanın daxili siyasi faktorunu da nəzərə almaq lazımdır. Sülh gündəliyi dərinləşdikcə Ermənistan cəmiyyətində “Azərbaycan təhlükəsi” üzərindən siyasət aparan qüvvələrin manevr imkanları müəyyən qədər məhdudlaşır. Ona görə də belə informasiya kampaniyalarının daxili siyasi motivləri də olmamış deyil. Ermənistan mediasının belə xəbərləri yayması bir neçə məqsədə xidmət edə bilər: daxili ictimai rəyi səfərbər etmək, Azərbaycanı sülh prosesini pozan tərəf kimi göstərmək və delimitasiya prosesində İrəvanın mövqeyini gücləndirmək”.
A.İsayevin fikrincə, sərhəddə hərəkətlilik müşahidə olunursa, onun mahiyyəti aydın şəkildə izah edilməli və faktla manipulyasiya bir-birindən ayrılmalıdır:
“Çox mühüm bir sual ortaya çıxır: Azərbaycanla Ermənistan sülh sazişinin həyata keçirilməsi, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində danışıqlar apararkən, niyə Azərbaycanı yeni əməliyyata hazırlaşan tərəf kimi göstərmək cəhdi edilir?
Bu sualın cavabı, məncə, Həkəri məsələsinin özündən daha əhəmiyyətlidir. Sülh prosesinin ən həssas mərhələsində tərəflər yalnız sərhəddə deyil, informasiya məkanında da rəqabət aparırlar. Həkəri ətrafında yayılan son iddialara məhz bu prizmadan yanaşmaq daha doğru olar”.
