Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar davam edir, lakin sülhə nail olmaq üçün hələ uzun məsafə qət edilməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov NTV telekanalına müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, danışıqların ikinci raundu Əbu-Dabidə keçirilib və proses hələ ilkin mərhələdədir.
“Danışıqlar davam edir, ikinci raund Əbu-Dabidə baş tutdu. Qarşıda hələ böyük məsafə var”, — deyə Lavrov vurğulayıb.
O, eyni zamanda beynəlxalq ictimaiyyəti baş verənləri həddindən artıq nikbinliklə qiymətləndirməməyə çağırıb. Lavrov ABŞ prezidenti Donald Trampın diplomatik səylərinə toxunaraq bildirib ki, bu cəhdlər müsbət görünsə də, real nəticələr üçün hələ tezdir.
“Baş verənləri həddindən artıq coşqu ilə qarşılamamalıyıq. ABŞ prezidenti Donald Trampın avropalıları və Volodimir Zelenskini ‘yerinə oturtduğu’ və onlardan müəyyən addımlar atmağı tələb etdiyi barədə fikirlər səslənir. Əgər məqsədimiz Ukraynada sülhə nail olmaqdırsa, bunlar yaxşıdır, amma biz hələ o nöqtədə deyilik”, — o qeyd edib.
Lavrovun açıqlamaları göstərir ki, Moskva danışıqlar prosesini davam etdirməyə hazır olsa da, yaxın vaxtda yekun razılaşmanın əldə olunacağına dair gözləntilər məhduddur. Diplomatın fikrincə, proses mərhələli şəkildə və ehtiyatlı yanaşma ilə irəliləməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az
