Lerikin bu ucqar məktəbi paytaxt məktəblərinə meydan oxuyur – FOTOLARbackend

Lerikin bu ucqar məktəbi paytaxt məktəblərinə meydan oxuyur - FOTOLAR

Artıq yeni tədris ilinin ilk günlərini yaşayırıq. Və ölkəmizdəki əksər təhsil müəssisələri istər maddi-texniki baza, istərsə də kadr  potensialı baxımından demək olar ki, tam möhkəmlənmiş vəziyyətdə öz fəaliyyətlərinə start verib. Lerik rayon Əbülfət Musayev adına Vizəzəmin kənd tam orta məktəbi də 2019-2020-ci tədris ilinə yeni hədəflərlə başlayıb. Məktəbi ziyarət etdiyimiz zaman qarşılaşdığımız mənzərə bizi çox sevindirdi. Ucqar bir kənddə belə gözəl infrastruktura malik, təmirli, səliqəli, bütün avadanlıqlarla təmin olunmuş təhsil ocağı görmək olduqca ürəkaçan idi. Qeyd edək ki, kənddə yeni məktəb binasının inşasına Rayon İcra Hakimiyyətinin sifarişi ilə 2013-cü ildə başlanılıb və 2014-cü il sentyabrın 15-də tam istifadəyə verilib. Əminliklə demək olar ki, bu təhsil ocağı infrastrukturuna görə şəhər məktəblərindən heç nə ilə fərqlənmir və məhz elə bunun nəticəsidir ki, burada həm müəllim, həm də şagird kontingenti tərəfindən tədris və təhsilə böyük maraq var.  Məktəbin direktoru, ömrünün 42 ilini təhsilə həsr edən Əlisa Əbilov bizimlə söhbətində məktəbin ildən-ilə daha böyük uğurları hədəflədiyini bildirərək, təhsilin keyfiyyətinin yüksəldilməsində müəllim kollektivinin əməyini xüsusi olaraq vurğuladı:

– Hazırda məktəbdə 146 şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur. Burada tədris yüksək səviyyədə aparılır və heç bir fənn üzrə müəllim çatışmazlığı yoxdur. Bu il məktəbimizin 17 məzunu olub. Onlardan 12-si ali məktəbə, 1-i kollecə, 1 şagird isə peşə məktəbinə qəbul olunub:

  1. Həndəmov Azər Ərəstun oğlu – Bakı Dövlət Universiteti (müsabiqədənkənar).
  2. Yəhyayeva Fərqanə İlqar qızı – Azərbaycan Dövlət Pedaqoji Universiteti – 514 bal.
  3. Hüseynli Rüstəm Rəsul oğlu – Sumqayıt Dövlət Universiteti – 431 bal.
  4. Şərbətova Röya Elçin qızı – Azərbaycan Dövlət Pedaqoji Universiteti – 458 bal.
  5. Rzayev Ramid – Azərbaycan Dövlət Pedaqoji Universiteti -450 bal.
  6. Nəbiyev Niyazi Mahir oğlu – Bakı Slavyan Universiteti – 422 bal.
  7. Əliyev Vüsal Şıxəli oğlu – Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi.
  8. Mirməmmədov Amin Asif oğlu – Bakı Dövlət Universiteti.
  9. Abdullazadə Yusif Elman oğlu – Lənkəran Dövlət Universiteti.
  10. Baxşıyev Elnur – Bakı Dövlət Universiteti.
  11. Yəhyayev Amin Asif oğlu – Sumqayıt Dövlət Universiteti.
  12. Mərəyev Əlihüseyn Telman oğlu – Lənkəran Dövlət Universiteti.
  13. Səfərov Arzuman İslam oğlu – Lənkəran Tibb Kolleci.
  14. Həsənzadə Cavid – Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi.

Ümumilikdə məktəbimiz 2018-2019-cu tədris ilini uğurla tamamlayıb. Belə ki, Azər Həndəmov Respublika Fənn Olimpiadasında 3-cü yerə çıxaraq bürünc mükafatın sahibi olub. Və bununla da ali məktəbdə müsabiqədənkənar təhsil almaq hüququ qazanıb. Bundan başqa, Aksana Ağayeva Rusiyanın Azərbaycandakı səfirliyinin və Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Rus dili və ədəbiyyatı” fənn olimpiadasında uğurlu çıxışına görə diplom və hədiyyələrlə mükafatlandırılıb.

Ötən tədris ilində kənd bələdiyyəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş voleybol yarışında da məktəbimizin komandası uğur qazanıb. Bibiyani, Hamarmeşə, Sivəkəran və Vizəzəmin kənd  orta məktəbləri arasında keçirilən yarışda məktəbimiz  finala vəsiqə qazanıb və Hamarmeşə kənd tam orta məktəbinin komandasını gərgin oyunda 3-1 hesabı ilə məğlub edərək çempion olub. Qaliblər Vizəzəmin kənd bələdiyyəsinin büdcəsi hesabına pul mükafatı ilə mükafatlandırılıb.

“Şahin” hərbi oyunlarında da məktəbimiz Lerik rayonu üzrə 1-ci, respublika üzrə 5-ci yerləri tutub.

Məktəbimizin şagirdi Nərmin Hüseynli rayonda təşkil olunmuş inşa musabiqəsində 2-ci yeri qazanıb.

X-XI sinif şagirdləri arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə II Lerik Rayon Çempionatının Hamarmeşə zonası üzrə seçim yarışı da bizim üçün yaddaqalan olub. Belə ki, Hamarmeşə, Siyov, Vizəzəmin, Vistən, Piran və Hamarat kənd  komandaları arasında baş tutan və gərgin mübarizə şəraitində keçən yarışda Vizəzəmin kənd tam orta məktəbinin komandası 1-ci yerə çıxıb.

Sözsüz ki, şagirdlərimizin bu uğur və nailiyyətlərində məktəbimizdə fəaliyyət göstərən müəllimlərin əməyi danılmazdır. Bu müəllimlər sırasında xüsusən də MİQ imtahan xətti ilə məktəbimizdə son illərdə fəaliyyətə başlayan dil-ədəbiyyat müəllimi Rəşad İsalı, coğrafiya müəllimi Hüseyn Qəhrəmanlı, kimya müəllimi Xəyyam Məmmədovun və başqalarının adı xüsusi qeyd olunmalıdır. Respublikamızın ayrı-ayrı bölgələrindən gələrək kəndimizdə həvəslə çalışan adıçəkilən müəllimlərin gərgin əməyinin nəticəsidir ki, uğurlarımız ildən-ilə artır və hədəflərimiz daha da böyüyür. Belə ki, qarşı illərdə məktəbimizin nəticələrini daha da yüksəltməyi düşünürük. Bundan başqa məktəbin infrastrukturunun və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Təhsil Nazirliyinə müraciət etmişik. Yeri gəlmişkən, yaxın gələcəkdə məktəbimizin adını daşıyan şəhid Əbülfət Musayevin qardaşı İldırım Musayevin təşəbbüsü ilə onun büstünün qoyulacağını da planlaşdırmışıq. Artıq büstün yeri müəyyən edilib və bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Sevinc PAŞAYEVA

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*