Əhali artımı sual altında: Azərbaycanda uşaqpulu yenidən gündəmdəbackend

Əhali artımı sual altında: Azərbaycanda uşaqpulu yenidən gündəmdə

Azərbaycanda doğum səviyyəsinin aşağı düşməsi və ölüm hallarının artması əhalinin demoqrafik göstəriciləri ilə bağlı narahatlıqları artırır. Belə bir şəraitdə çoxuşaqlı ailələrin sosial təminatının gücləndirilməsi, uşaqların saxlanılması və təhsil xərclərinin azaldılması, eləcə də ailələri daha çox uşaq sahibi olmağa təşviq edən dövlət proqramlarının genişləndirilməsi mühüm məsələlərdən biri kimi gündəmə gəlir.

Bəs Azərbaycanda demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün hansı təxirəsalınmaz addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı bildirib ki, çoxuşaqlı ailələrin sosial təminatı sahəsində əsas addımlardan biri uşaqpulu məsələsinin həllidir.

DİQQƏT: Quru sərhədləri bu tarixdə AÇILA BİLƏR | KONKRET

Onun sözlərinə görə, ailələrə mütəmadi uşaq müavinətlərinin verilməsi doğum göstəricilərinin yüksəlməsinə müsbət təsir göstərə bilər:

“Çoxuşaqlı ailələrin sosial təminatı sahəsində əsas yeniliklərdən biri uşaqpulu probleminin Azərbaycanda aradan qaldırılmasıdır. Əgər uşaqpulu verilərsə, təbii ki, ailələrdə bir yox, iki yox, 3-4 uşaq barədə düşünmək imkanları arta bilər”.

Cavanşir Abbaslı qeyd edib ki, sosial-iqtisadi vəziyyət ailələrin uşaq sahibi olmaq qərarına da birbaşa təsir göstərir.

“Təsəvvür edək ki, bir uşağın dünyaya gəlməsi, onun bağça mərhələsi, daha sonra orta məktəbi və ali məktəbi var. Bunların hamısını düşündükdə görürük ki, Azərbaycanda orta gəlirli ailələr belə, əsasən, bir övlad sahibi olmağa üstünlük verirlər. Çünki onun təminatının yüksək səviyyədə olmasının fərqindədirlər. Düşünürlər ki, bir uşaq olsun, onu böyüdüm və bütün imkanlarımı ona yönəldim”.

Ağ Partiya sözçüsü hesab edir ki, ailələrin sosial yükünün azaldılması demoqrafik siyasətin əsas istiqamətlərindən birinə çevrilməlidir.

“Uşaqpulu məsələsində millət əlini üzəndən sonra bir uşağın olmasına daha çox önəm verilir. Bununla paralel olaraq əhalinin artımında ciddi problem ortaya çıxır”, – deyə o vurğulayıb.

Cavanşir Abbaslı Rusiyanın təcrübəsinin də nəzərdən keçirilməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, uşaqlı ailələrə dövlət tərəfindən mütəmadi maliyyə və sosial dəstəyin göstərilməsi ailələrin üzərinə düşən yükü əhəmiyyətli dərəcədə azalda bilər.

“Qonşu Rusiyada uşaqlara verilən dövlət təminatı Azərbaycanda da tətbiq olunsa, bunun əhalinin artımına nə qədər təsir edə biləcəyini görmək mümkündür. Rusiyada uşaqlara hər ay ödənişlər edilir. Bundan əlavə, müəyyən sosial təminatlar və xəstəxanalarda ödənişsiz müayinələrdən keçmək imkanları yaradılır. Bunlar çox ciddi məsələlərdir”.

O, ölüm hallarının artmasını da narahatedici tendensiya kimi qiymətləndirib və dövlətin bu istiqamətdə daha ciddi tədbirlər görməli olduğunu deyib.

“Ölüm halları da artır. Azərbaycanda demək olmaz ki, dünyaya gələnlə ölən arasında fərq normal səviyyədədir. Dövlət bununla bağlı ciddi şəkildə düşünməli və təxirəsalınmaz tədbirlər görməlidir”.

Onun fikrincə, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün yalnız birdəfəlik ödənişlər kifayət etmir. Bu istiqamətdə uzunmüddətli və sistemli sosial siyasət həyata keçirilməli, çoxuşaqlı ailələrin gəlirlərinin artırılması, uşaqların təhsil və səhiyyə xərclərinin azaldılması, mənzil və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində əlavə mexanizmlər yaradılmalıdır.

Aynurə İsmayıl
KONKRET.az

  • ulviyye
    Sentyabr 1, 2026 - 11:38

    Uşağı olanlar uşaqlarından xeyiri özləri götürəcək; çalışmalıdırlar işləyib uşaqların saxlamalıdırlar; keflərindən doğurlar; sonra başlayırlar ay haray bizə sosial verin; uşaqlarına sakinlərin sakitliyini pozurlar. Onlar pul vermək lazım deyi;

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*