Linç mədəniyyətini qınayıb eyni dili işlətmək paradoksu – Mirşahinə TUTARLI CAVABbackend

Linç mədəniyyətini qınayıb eyni dili işlətmək paradoksu - Mirşahinə TUTARLI CAVAB

Ha istədim, özümü saxlayım, amma mümkün deyil, çünki sözümü ürəyimdə saxlasam, partlayar. Söhbət Mirşahinin Günay Ağamalı, uşaqpulu və Kamal Abdulla barədə dediklərindən gedir. İnsafən, o, bəzi real problemləri haqlı olaraq qabardıb: Sosial şəbəkələrdə linç mədəniyyəti, populizm, intellektual diskursu boğan aqressiv ton arzuolunan deyil. Göstərilən məsələlər sözün əsl mənasında real ictimai problemlərdir.

Amma Mirşahinin özünün mətni də dediyi kütlənin tonuna uyğundur. Real TV-nin rəhbəri kobud dil işlədənləri qınasa da, özü də eyni aqressiv, aşağılayıcı dildən geninə-boluna istifadə edir: “həpəndlər”, “güruh tikələri törətmək”, “zavallı potensial qaragüruhçu nəsli”. Cənab Ağayev, ifadələriniz sosial şəbəkə dilinin ta kəndisidir, ürəkbulandıran davranışın tam təkrarıdır. İkincisi, cəmiyyətlə kütləni ayırmaq sizin birbaşa borcunuzdur, bu, bir mənəvi məsələdir.

“Beyin dərinə enə bilmir”, “plintusaşırı səviyyə” deməklə fikrinizi bizə sırıya bilməzsiniz axı? Uşaq pulunu müzakirə edənləri hansı haqla aşağılayırsınız? Sizə bu haqqı kim verib? Bilirsiniz, dedikləriniz arqument qrafasından çıxıb eee. Çünki belə ifadə tərzlərini ən yüngül tərzdə sosial damğa kimi qiymətləndirmək olar.

Bir də axı Bakıda keçirilən WUF13 Forumu ilə “uşaq pulu” müzakirəsini niyə qarşı-qarşıya qoymalısınız ki?! Nasistsayağı yanaşmanız insanlarda qıcıq yaradır, fərqindəsinizmi?! Hesab edirsinizsə ki, mən də uşaqpuludan danışıram, bunun bir problem olduğunu deyirəm, deməli qaraguruham? Yaxşısı budur susun belə məsələlərdə. Çünki biz hər birimiz həm qlobal, həm lokal məsələləri eyni vaxtda müzakirə edə bilərik. Bunda heç bir qəbahət yoxdur. Üçüncüsü, uşaqpulu milyonlarla ailənin real həyat problemidir. Onu yalnız “populizm” kimi göstərmək əslində o ailələrin narahatlıqlarını görməzlikdən gəlir. Mən də hesab edirəm ki, uşaqpulu verilməlidir, simvolik də olsa…

O ki qaldı Kamal Abdullanı göyə qaldırmağınıza, zəhmət çəkin, onun Ramiz Mehdiyev haqqında video-müsahibəsinə də baxın. Əslində sizi qınamıram… Çünki belə təfəkkür Ramiz Mehdiyev haqqında ən yüksək söz deyənlərin zəkası ilə eynidir. Yalnız Mirşahin təfəkkürü uşaqpulu və Kamal məsələsində emosional boşalma nümayiş etdirə bilərdi. Ağlamalı kamalınızla “qürur duya bilərsiniz”.

Əməkdar jurnalist,
Fadil Paşayev

Fadil Paşayev: “Öldü, gəbərdi, tələf oldu” sözlərini çəkinmədən işlədən  aparıcılarımız var – MÜSAHİBƏ Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*