Macarıstan parlamenti baş nazir Peter Magyarın toxunulmazlığını ləğv edib – telefon oğurluğu işibackend

Macarıstan parlamenti baş nazir Peter Magyarın toxunulmazlığını ləğv edib – telefon oğurluğu işi

Macarıstan parlamenti sentyabrın 28-də, bazar ertəsi keçirilən növbədənkənar iclasında Baş Prokurorluğun müraciəti əsasında Baş nazir Peter Magyarın, eləcə də parlament üzvləri Balaş Hanko və Mikloş Şestağın deputat toxunulmazlığının dayandırılması barədə qərar qəbul edib.

KONKRET.az “Index” nəşrinə istinadən yazır ki, sentyabrın 22-də Macarıstan prokurorluğu üç siyasətçinin toxunulmazlığının dayandırılması təşəbbüsü ilə çıxış edib.

Peter Magyar 2024-cü ildə baş verdiyi iddia olunan telefon oğurluğu işi üzrə şübhəli bilinir. Prokurorluğun məlumatına görə, hadisə baş verən zaman Magyar Avropa Parlamentinin üzvü olub və bu səbəbdən deputat toxunulmazlığına malik idi.

Belə ki, 2024-cü il sentyabrın 26-da Macarıstan Baş Prokurorluğu açıqlama yayaraq bildirib ki, Peter Magyar iyunun 21-də Budapeştdəki klublardan birində olub. Həmin vaxt zərərçəkmiş şəxs də onu mobil telefonla çəkib.

Prokurorluğun 2024-cü ildə yaydığı açıqlamada bildirilir:

“Peter Magyar və onunla birlikdə olan şəxslərdən biri həmin şəxsin çəkiliş apardığını gördükdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı Peter Magyar qəfil zərərçəkmiş şəxsin əlindən telefonu alaraq cibinə qoyub. Zərərçəkmiş şəxsin dəfələrlə tələb etməsinə baxmayaraq, telefonu qaytarmayıb və telefonun onda olduğunu inkar edib.

Klubdan çıxdıqdan sonra Dunay çayının sahilinə doğru hərəkət edib. Zərərçəkmiş şəxs də daxil olmaqla bir neçə nəfər onun arxasınca gedib. Daha sonra o, birbaşa sahilə yaxınlaşaraq telefonu qəsdən Dunay çayına atıb”.

Macarıstan prokurorluğunun mövqeyinə əsasən, sözügedən hadisə ilə bağlı araşdırmanın davam etdirilməsi üçün Magyarın deputat toxunulmazlığının dayandırılması zəruri hesab edilib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*