Mal ətinin qiymətinin artmasının əsas səbəbləri heyvandarlıq sektorunda istehsal xərclərinin yüksəlməsi, yem və digər məsrəflərin bahalaşması, daxili bazarda təklifin məhdud olması, eləcə də idxal qiymətlərinin artması ilə bağlıdır.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, xüsusilə yem, baytarlıq xidmətləri, daşınma və digər xərclərin artması fermerlərin istehsal maya dəyərini yüksəldir. Bu isə son nəticədə pərakəndə satış qiymətlərinə birbaşa təsir göstərir.
Akif Nəsirlinin sözlərinə görə, digər mühüm amillərdən biri də ölkədə mal-qaranın sayının və yerli ət istehsalının bazarda artan tələbatı tam ödəyə bilməməsidir.
“Əgər təklif tələbdən daha yavaş artırsa, qiymətlər üzərində yuxarı təzyiq yaranır. Eyni zamanda idxal olunan ətin və diri heyvanların qiymətindəki dəyişikliklər də daxili bazara təsirsiz ötüşmür”.
Ekspert hesab edir ki, yaxın aylarda mal ətinin qiymətinin kəskin ucuzlaşması üçün ciddi əsaslar görünmür. Əksinə, məhsulun yüksək qiymətlə satılmağa davam etməsi daha real ssenaridir.
“Qiymət artımının sürəti tələbdən, bazara çıxarılan heyvanların sayından, yem xərclərindən və idxal imkanlarından asılı olacaq. Təklif artarsa, qiymət artımının tempi zəifləyə və bazarda müəyyən sabitləşmə yarana bilər”.
“Digər tərəfdən, payız-qış aylarında ətə tələbatın artması, yem xərclərinin yüksəlməsi və bazara kifayət qədər heyvan çıxarılmaması qiymətlərə əlavə təzyiq göstərəcək. Buna görə də yaxın perspektivdə qiymətlərin kəskin ucuzlaşmasından daha çox, yüksək səviyyədə sabit qalacağı və ya müəyyən artımın davam edəcəyi gözlənilir”.
Aynurə İsmayıl,
KONKRET.az
