“Mehdiyevin iş yox, mobil telefonuna zəng etmişdik, çox şeylər danışdı, biz az yazdıq, müsahibəmiz baş tutacaq” – “Təzadlar” qəzetinin baş redaktorubackend

"Mehdiyevin iş yox, mobil telefonuna zəng etmişdik, çox şeylər danışdı, biz az yazdıq, müsahibəmiz baş tutacaq" - “Təzadlar” qəzetinin baş redaktoru

“Biz Ramiz Mehdiyevin iş telefonuna deyil, mobil telefonuna zəng vurduq”.

KONKRET.az xəbər verir ki, bunu “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili musavat.com-a açıqlamasında deyib.

A. Mərzili bildirib ki, R.Mehdiyevin AMEA-nın saytında yazdığı təkzib yox, məlumatdır.

Onun sözlərinə görə, saytda “Təzadlar” qəzeti əməkdaşının ona zəng etməsi inkar edilməyib:

“Sadəcə bu açıqlama çox ajiotaj yaratdı, onun ətrafında yayınlar edildi. Eyni zamanda mətbuat onun daha öncə məhkəməyə verəcəyini dediyi adamlardan yenidən açıqlamalar aldı. Beləcə, məsələ daha da böyüdü. O, üstüörtülü, diplomatik şəkildə belə bir açıqlama vermək zərurəti hiss etdi. Amma onunla razılaşmışdıq ki, yaxın günlərdə müsahibəmiz baş tutacaq. Gələn həftənin bazar ertəsi, ya da çərşənbə axşamı günü bu müsahibə gerçəkləşməliydi”.

Baş redaktor bildirib ki, R.Mehdiyevlə 15-20 dəqiqə telefonla danışıq baş tutub:

“Mənim yanımda əməkdaşımız Elçin Məmmədli zəng elədi, mən nömrəsini verdim. Orda qeyd edilir ki, şəhər telefonuna zəng etmişik. Amma biz onun mobil telefonuna zəng etdik. Dediklərini belə az yazdıq. Maksim Musayev və Fəzail Ağamalının da əleyhinə çox şeylər danışdı. Biz yazmadıqlarımızı da özləri açır. Mən onların məlumatına hörmətlə yanaşıram. Amma bu, təkzib deyil. “Ramiz Mehdiyev nə xarici, nə də ölkədaxili mətbuata müsahibə verib” deyirlər. Biz onsuz da onun bizə müsahibə verdiyini iddia etmədik ki”.

A.Mərzili dedi ki, iki gün əvvəl köməkçisinin şəhər telefonuna zəng edərək, R.Mehdiyevdən müsahibə istəyiblər:

“Onda bizə deyildi ki, Ramiz müəllimə müsahibə istəyimiz çatdırılıb, bizə onun cavabını bildirəcəklər. Amma hər hansı cavab reaksiyası gəlmədiyi üçün biz də özümüz mobil nömrəsinə zəng etdik. Amma mətbuat bu xəbəri yanlış təqdim etdi və yazdı ki, “Təzadlar” Ramiz Mehdiyevdən müsahibə alıb. Halbuki o, müsahibə deyildi”.

Baş redaktor əlavə edib ki, bütün hallarda müsahibə vədi qüvvəsində qalır:

“Çox güman ki, bu müsahibə baş tutacaq. Dünən elə söhbətimiz oldu ki, bu müsahibə baş tutmalıdır. Hətta özü müsahibənin bir həftə-on gün sonra olmasını istəmişdi. Biz israr edincə, gələn həftəyə razılaşdırdıq. Ümid edirəm ki, müsahibə gerçəkləşəcək və biz öz suallarımıza cavab tapacağıq”.

Qeyd edək ki, AMEA-nın mətbuat xidməti dünən “Təzadlar” qəzetində Ramiz Mehdiyevin adından yayımlanan açıqlamaya münasibət bildirib. Qeyd olunub ki, sentyabrın 9-da həmin qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəyib.

“Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirib. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də deputat Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulayıb. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırıb”, – deyə AMEA-nın məlumatında qeyd olunub.

AMEA bir daha bəyan edib ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməyib:

“AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*