“İki aydır ki, Elektron Məhkəmə Sistemi normal işləmir. Aprelin əvvəlində 2-3 həftə ümumiyyətlə çökmüşdü. Gül kimi işləyən əvvəlki sistemi milyonlar xərcləyib dəyişdilər, nəticəsi isə inkişaf əvəzinə kollaps oldu. Bu barədə danışanların da ağzını yumurlar ki, susun! Bir rəsmi şəxs də çıxıb demir ki, yeni sistemin əvvəlkindən üstünlüyü nədir axı, niyə bunu etdilər, nəyə görə etdilər”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, hazırda da vəkillər bu sistemlə bağlı ciddi problemlərlə qarşılaşırlar, hətta bəzən işlər və sənədlər sistemdə tapılmır: “Nə bilək ki, əvvəlki illərin işləri olduğu kimi qalıb, yoxsa orada da dəyişiklik, ‘barmaq’ edilib, ya yox?! Ən böyük cari problem isə mövcud işlər üzrə bildirişlərin gəlməməsidir. Vəkillər məcburdur ki, hər bir işini vaxtaşırı bir-bir yoxlasınlar. Şəxsən mən buna hər gün xeyli əlavə vaxt sərf edirəm. Allah etməmiş, hansı məlumatı görməsəm, reaksiya verməsəm, müddəti buraxa bilərəm, sonra da gəl bunlara nəyisə sübut et”.
O, bildirib ki, məhz bu gün region məhkəmələrindən biri aprelin 16-na aid qətnaməni heç bir bildiriş göndərmədən sistemə yerləşdirib və hakimin qətnaməni göndərmə məktubunun tarixi də köhnə tarixlə qeyd edilib: “Yəni belə çıxır ki, guya 1 aylıq apellyasiya şikayəti müddəti də artıq 17 mayda ötüb. Sistemə bildiriş gəlsə idi, heç olmasa ona istinadən deyə bilərdim ki, nə olsun 16 aprel yazıb məktubunda, 1 iyunda dərc edib axı. Lakin bunu da deyə bilməyəcəyəm indi. Çünki hakim 1 iyunda göndərdiyi məktubu da köhnə tarixlə edib”.
Əkrəm Həsənov Məhkəmə-Hüquq Şurasına müraciət edərək vurğulayıb ki, artıq heç bir rəsmi açıqlama və ya izahat gözləmirlər. O, ədalətsiz məhkəmə aktlarına çoxdan alışdıqlarını, lakin heç olmasa sonradan sistemə yüklənən sənədlərin köhnə tarixlə rəsmiləşdirilməsinin qarşısının alınmasını tələb edib. Vəkil qeyd edib ki, əgər bu problemlər düzəlməyəcəksə, bunu açıq şəkildə etiraf etsinlər ki, hüquqşünaslar da özlərinə kənd təsərrüfatı və ya başqa sahələrdə yeni fəaliyyət növləri tapsınlar.
KONKRET.az
