“Qadının əzilməsi cəmiyyətin əzilməsi deməkdir!” – Mehriban Zeynalovabackend

"Qadının əzilməsi cəmiyyətin əzilməsi deməkdir!" - Mehriban Zeynalova

Məlum olduğu kimi, bir qrup gənc feminist şəhərdə “8 marş” aksiyası keçirdi. Həmin aksiyada qaldırılan plakatlarda yazılan əxlaqsız şüarlar cəmiyyətimizdə heç də xoş qarşılanmadı.

Məsələylə bağlı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova KONKRET.az-a müsahibə verib.

– Mehriban xanım, Azərbaycanda belə bir aksiyanın keçirilməsinə nə ehtiyac vardı? Yəqin ki, kadrlara baxmısınız, fikirləriniz çox maraqlıdır…

– Təbii ki, mən kimlərinsə söz azadlığına və hüquqlarına qarşı çıxa bilmərəm, çünki qadın hüquqlarını müdafiə edən biriyəm. 8 Mart günü bütün dünyada müəyyən dinc aksiyalar baş tutur. Və hər hansı bir cəmiyyətdə müəyyən boşluqlar varsa, onlarla bağlı konkret şüarlar səsləndirilir, sakit yürüşlər edilir. Bununla da hökumətin, cəmiyyətin diqqəti problemə cəlb edilərək həllinə nail olunur.

Təəssüf ki, matrın 8-də bir qrup qadının keçirdiyi aksiyada məqsəd fərqli idi. Əminliklə deyirəm ki, əgər mən ölkəmizdə qadın hüquqlarının məhdudlaşdırılmasına təhlükə olduğunu, yəni qadınlarımızın seçki, təhsil və ya sağlamlıq hüquqlarının məhdudlaşdırıldığını görsəydim, o halda sözsüz ki, o aksiyaya qoşulardım.

Qeyd edim ki, mən istənilən həssas qrupun müdafiəsinə qalxmışam. İstər insan alveri qurbanı olsun, istər HİV-ə yoluxmuş şəxs olsun, istərsə də seks xidməti göstərən qadın olsun, fərqi yoxdur, əgər zorakılığa məruz qalıbsa,  müdafiə etmişəm. Yəni istənilən halda ən cürətli addımları atan bir şəxs kimi deyə bilərəm ki, qanunvericilikdə, beynəlxalq standartların özündə belə bu məsələlərə həssas yanaşma var. Sadəcə beynəlxalq təşkilatlar bunu qanunvericiliyə salmayıblarsa, hər hansı bir tələb qoyulmayıbsa, bu dəstəklənmirsə, kimsə bunu şüar etmirsə, artıq nə deyə bilərəm…

Həmin aksiyadakı insanlar hazırkı durumda, qanunların mövcud olduğu, müəyyən mexanizmlərin işlədiyi bir vaxtda dinc nümayiş etməklə qadın problemlərinə diqqət çəkə bilərdilər. Əgər ölkədə gender bərabərliyi, məişət zorakılıqları ilə bağlı müəyyən boşluqlar varsa, bundan danışılmalı idi. Və yaxud erkən nikahdan narahat olsaydılar, bununla bağlı şüarlar səslənərdi. Amma təəssüf ki, bu, belə olmadı.

Bu gün bütün dünya gender məsələsində kişilərin də iştirakını tələb edir. Amma biz bu tərz aksiyalarla kişiləri özümüzə düşmən mövqeyə gətiririksə, o zaman qadın hüquqlarının müdafiəsi məsələsi çətinləşəcək. Bu aksiyadan sonra kişilərin bir qismi qadınlara “Sən azadlıq istəyirsən! Sən əxlaqsızlıq istəyirsən! Sən başqa addımlar atmaq istəyirsən!” və s. bu kimi alçaldıcı yanaşma nümayiş etdirə bilər ki, bu da zorakılıq hallarına gətirib çıxara bilər. Yəni o aksiyanı təşkil edənlər gender bərabərliyini çətin bir vəziyyətə çatdıra bilərlər…

Bu baxımdan qəti şəkildə bildirirəm ki, fərdi istəklər naminə qadınlar adından aksiya təşkil etmək qəbuledilməzdir.

Bizdə qadın hüquqları ilə bağlı müəyyən boşluqlar var. Bunu heç kim danmır. Amma bütün bunlara qarşı həssas yanaşma olmalıdır. Çünki hətta “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya”da belə istənilən ölkənin adət-ənənəsinə hörmətlə yanaşır və çağırışlar edlir.

Mən deyərdim ki, eyni vaxtda Türkiyədə və digər ölkələrdə belə aksiyaların baş tutması onu göstərir ki, bu, hansısa sifarişdir.

– Sosial şəbəkələrdə onlara qarşı sərt mövqe qoyuldu…

– Bəli, elə də olmalıydı. Pərakəndəlikdən əlavə, etik olmayan şüarlar və davranışlara görə idi bu. Bu baxımdan sosial şəbəkələrdə kişilər və qadınlar həmrəy olub onların bu addımına lazımi münasibət bildirdilər. Mən hesab etmirəm ki, açıq-saçıqlıq, söyüş söymək azadlığın göstəricisidir. Bu, belə deyil. Mən hesab edirəm ki, çox mədəni şəkildə və əsaslı arqument gətirərək istənilən kişini inandırmaq olar ki, qadın hüquqlarında hansısa problem var. Bunlar qıcıqlandırıcı olmamalıdır. Yalnız belə olan halda kişilər qadınlara dəstək olacaq. Çünki qadının əzilməsi cəmiyyətin əzilməsi deməkdir!

Fəqan MUXTAR,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*