“Belarus məktəblərində qayda-qanun yaratmağın vaxtı çatıb, burada ciddi özbaşınalıq hökm sürür”. KONKRET.AZ xəbər verir ki, bu barədə Qomel şəhərindəki məktəblərdən birində baş verən insidentdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko bəyanat verib.
“Məsələ ondadır ki siz mənə Uruçe şəhərində yeni məktəbin açılışı zamanı diqqətlə qulaq asmadınız. Mən oradakı çıxışım zamanı da məktəblərdə, təhsildə pərakəndəliyin hökm sürdüyünü bildirmişdim, siz isə nəticə çıxarmadınız.
Gör iş nə yerdədir ki, orta məktəbin 4-cü sinif şagirdi öz sinif rəhbərini aşağılayır, bununla kifayətlənmir, hələ bunu kameraya çəkib sosial şəbəkələrdə paylaşır”. Belarus lideri bu məsələyə görə yerli məmurlara da qəzəbləndiyini bildirib. Belə ki, güya məmurlar məsələ araşdırmağa gəliblər. “Hamını toplayıblar, müzakirə ediblər, guya ədalətli qərar veriblər. İctimaiyyət qarşısında alçaldılmış müəlliməni cəzalandırıblar. Mən o müəllimənin yerində olsaydım, o, küçüyün boynunu qırardım”, – deyə Lukaşenko bildirib. Bu məsələ ilə bağlı Lukaşenko Qomel Vilayətinin qubernatoru Qennadi Solovyova kəskin şəkildə bildirib ki, “Bu dəfə güllə sənin qulağının yanından ötdü, çünki sən bura hələ yeni təyin olunmusan, yoxsa aqibətin digərləri kimi heç də yaxşı olmayacaqdı, özünü topla!”
Lukaşenko daha sonra qeyd edib ki, əgər məktəbdə belə ozbaşınalıq, tərbiyəsizlik hökm sürürsə, bizə yeni dərsliklər, yeni proqram, yeni metodik işçi qadınlar lazım deyil. Bunlara xərclənən pullar israfdan başqa bir şey deyil! Öncə istənilən müəssisədə qayda-qanun, ədalət hökm sürməlidir. Qeyd edək ki, belə böyük ajiotaja səbəb olan hadisə Qomel şəhərinin 15 nömrəli məktəbində baş verib. Sosial şəbəkələrdə yerləşdirilən videodan da aydın görünür ki şagird müəlliməni açıq-aydın alçaldır və küçə sözləri ilə təhqir edir. Nəzərinizə çatdıraq ki, bu insidentə görə öncə yerli məmurlar tərəfindən hadisə iştirakçısı olan müəllimə töhmət verilərək işdən azad olunub. Daha sonra isə Aleksandr Lukaşenkonun sərəncamı ilə yenidən iş yerinə qaytarılıb.
Leyla ŞİRMƏMMƏDOVA
