Mərdəkanda üç nəfər kafe sahibini döydü, pilləkəni sındırdı – QƏRARbackend

Mərdəkanda üç nəfər kafe sahibini döydü, pilləkəni sındırdı - QƏRAR

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifovun (hər üç şəxsin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Dadaşov küçəsində yerləşən “Rem-X Pub” adlı kafedə baş verib.

Belə ki, təqsirləndirilən şəxslər kafedə, onun üçüncü mərtəbəsində pivə içərək sərxoş vəziyyətə düşüblər. Bundan sonra onların öz aralarında mübahisə yaratdıqları və səs-küy saldıqları, nəticədə digər müştərilərin istirahətinə və kafedə normal iş fəaliyyətinə mane olduqları bildirilir.

Səs-küyü eşidən kafenin sahibi və zərərçəkmiş F.F. (adı, soyadı şərtidir) üçüncü mərtəbəyə qalxaraq Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifovu sakitliyə riayət etmələri barədə irad tutub. Zərərçəkmiş şəxs ardınca həmin yerdən çıxaraq aşağı düşüb.

Həmin şəxslər isə birlikdə F.F.-in arxasınca düşüb. Onlar kafedə ikinci mərtəbədə zərərçəkmiş şəxsi saxlayıblar.

F.F. onlara irad tutarkən kobud danışıb və guya həmin şəxsləri söyüb. Təqsirləndirilən şəxslər isə bunu mübahisə yaratmaq üçün bəhanə ediblər.

Bundan sonra qarşılıqlı münasibətlərin pozulması zəminində ictimai yerdə, bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə mübahisə yaranıb.

Əsgər Muradov, Malik Həsənov və Qafur Yusifov ictimai qaydanı kobud şəkildə pozaraq ətrafdakı şəxslərə açıq hörmətsizlik nümayiş etdirib, zor tətbiq etməklə zərərçəkmiş şəxsə hücum ediblər.

Onlar əlbir olaraq zərərçəkmiş şəxsin sağ göz və burun nahiyələrinə bir neçə dəfə yumruq zərbələri endiriblər. Nəticədə F.F.-in sağ gözaltı nahiyəsində qançır və burun sümüyündə yerdəyişməyən sınıq yaranıb.

Təqsirləndirilən şəxslərin hərəkətləri yalnız zərərçəkmiş şəxsə xəsarət yetirilməsi ilə məhdudlaşmayıb. Onların kafenin mərtəbələrarası dəmir pilləkəninə də zərər vuraraq onu sındırdıqları bildirilir. Nəticədə F.F.-ə məxsus kafeyə 300 manat məbləğində maddi ziyan dəydiyi qeyd olunur.

Bundan başqa, hadisə zamanı kafedə yaranmış səs-küy və qarşıdurma obyektin iş fəaliyyətinin qısa müddətə pozulması ilə nəticələnib.

Hadisədən sonra həmin şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə onlar 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*