Kiyev meri sakinlərə çağırış etdi: “Söhbət artıq sağ qalmaqdan gedir”backend

Kiyev meri sakinlərə çağırış etdi: “Söhbət artıq sağ qalmaqdan gedir”

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhər sakinlərinə müraciət edərək, Ukraynanın digər şəhərlərində dostları və ya qohumları olanların müvəqqəti olaraq həmin şəhərlərə köçməsini tövsiyə edib.

“Şəhərimizə hücumlar gücləndikcə dağıdılmış binalar, yaralanan və həlak olan insanlar haqqında hər gün yeni xəbərlər alırıq. Bu gün söhbət sağ qalmaqdan gedir”, – deyə Kliçko AFP agentliyinə müsahibəsində bildirib.

KONKRET.az xəbər verir ki, o, hücumlar nəticəsində su təchizatı sisteminin fəaliyyətində fasilələr yaranacağı təqdirdə Kiyevin kifayət qədər genişmiqyaslı böhranla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Bununla belə, paytaxt meri şəhərin tamamilə boşaldılmasına çağırış etmədiyini vurğulayıb.

“Putinin məqsədi də budur. Onun üçün ən yaxşı ssenari hamımızın buradan getməsi, şəhərlərimizi boş vəziyyətdə ona təhvil verməyimiz və bütün ölkəni tərk etməyimizdir”, – deyə Kliçko bildirib.

Merin sözlərinə görə, Kiyev hakimiyyəti qışa hazırlıq çərçivəsində ehtiyat istilik sistemləri qurur, həmçinin yanacaq, ərzaq və içməli su ehtiyatları toplayır.

Lakin Kliçko qeyd edib ki, hakimiyyət və şəhər sakinləri nə qədər yaxşı hazırlaşsalar da, hava hücumundan müdafiə sistemləri lazımi qaydada fəaliyyət göstərməsə, vəziyyət ağır ssenari üzrə inkişaf edə bilər.

Payızın əvvəlindən Rusiya Kiyevə hücumlarını gücləndirib. Rusiya qüvvələri Dnepr çayı üzərində yerləşən, Kiyevin sağ və sol sahillərini birləşdirən körpüləri, eləcə də enerji və rabitə obyektlərini, dəmir yollarını hədəfə alır. Atəşə tez-tez yaşayış binaları da məruz qalır.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*