İyunun 8-də Tacikistanın paytaxtı Düşənbədə Mərkəzi Asiyanın ən böyük məscidinin təntənəli açılış mərasimi keçirilib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, açılış mərasimində Prezident Emoməli Rəhmon və Tacikistanda səfərdə olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani iştirak edib.
Məlumata görə, Düşənbənin yeni məscidi 12 hektar ərazini əhatə edir. Üç hektar ərazidə yerləşən ibadət ocağının üç böyük girişi var. Məsciddə eyni vaxtda 133 min nəfər ibadət edə bilər.
Qeyd edək ki, məscidin tikintisinə 2011-ci ildə başlanılıb və 2019-cu ilin payızında başa çatdırılıb. Açılış mərasimi 2020-ci ilin mart ayına planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınıb.
İbadət ocağının tikintisi təxminən 100 milyon dollara başa gəlib. Bunun 30 milyon dollarını Tacikistan, 70 milyon dollarını isə Qətər hökuməti maliyyələşdirib.
İqbal Rzayev,
KONKRET.az