Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsinə daxil olan Suraxanı kəndi ərazisində baş verən yanğına səbəb olan şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, sentyabrın 28-də Kalva kəndi ərazisində yerləşən fermanın həyətində başlayan yanğın yaxınlıqdakı meşə sahəsinə keçib. Nəticədə 30 hektar ərazidə ağac və kol-kos yanıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı bölmələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının qarşısının alınması üçün yanğınsöndürənlər gecə saatlarında da alovla mübarizə aparıblar. Yanğınsöndürənlərin müdaxiləsi və yağıntıların təsiri ilə alovun yayılmasının qarşısı alınıb, yaxınlıqdakı meşə sahələri və yaşayış məntəqələri mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.
