Milyonlarla dollarlıq sərvətini yetim uşaqlara bağışlayan şokolad kralıbackend

Milyonlarla dollarlıq sərvətini yetim uşaqlara bağışlayan şokolad kralı

1918-ci ildə Milton Herşi inanılmaz bir qərar verdi. O, “Hershey” şokolad şirkətindəki nəzarət səhm paketini – həmin dövrdə təxminən 60 milyon dollar dəyərində olan bütün biznesini – yetim oğlanlar üçün yaratdığı məktəbin fonduna bağışladı.

Bu, şirkətin mənfəətindən müəyyən pay deyildi. O, biznesinin hamısını verdi.

Üstəlik, bu barədə heç kimə danışmadı. Cəmiyyət onun bu addımından yalnız 1923-cü ildə bir jurnalist məsələni araşdırıb üzə çıxardıqdan sonra xəbər tutdu.

Bunun səbəbini anlamaq üçün Milton Herşinin həyatına nəzər salmaq lazımdır.

1909-cu ilə qədər Milton və həyat yoldaşı Ketrin – yaxınlarının “Kitty” adlandırdığı qadın – böyük sərvət qazanmışdılar. Onların adını daşıyan Pensilvaniya şəhəri, ailələri üçün tikilmiş böyük ev və uğurlu biznesləri vardı.

Amma Ketrinin övladı olmurdu. Tibbi problemlər vardı və həkimlər də buna çarə tapa bilmirdilər.

Həmin dövrdə imkanlı və övladı olmayan ailələr üçün seçimlər məhdud idi. Lakin Milton və Ketrin bununla barışmadılar.

Onlar öz torpaqlarında, öz pulları hesabına yetim oğlanlar üçün məktəb yaratmağa qərar verdilər. Hər şey Miltonun doğulduğu fermada yaşayan cəmi dörd oğlanla başladı.

Milton özü də həyatda hər şeyə sıfırdan başlamışdı. Onun Filadelfiya və Nyu-Yorkda qurduğu iki şirniyyat biznesi iflasa uğramışdı. Otuz yaşında böyük borclar içində idi və uzun illər zəhmət çəkdikdən sonra demək olar ki, əliboş ailəsinin yanına qayıtmışdı.

Lakin yenidən cəhd etdi. Məhz bu inadkarlıq sonradan ona başqaları ilə bölüşə biləcəyi böyük sərvət qazandırdı.

Məktəbə gələn ilk oğlanların demək olar ki, heç nəyi yox idi. Milton özünü onlardan üstün tutmur, onlarla mümkün qədər yaxın münasibət qurmağa çalışırdı. Ketrin isə uşaqların hər birinin adını əzbər bilirdi. Onların dərsləri, yuxuları, özlərini necə hiss etdikləri ilə maraqlanırdı.

O, özünü xeyriyyəçi kimi aparmırdı. Övladı ola bilməyən bir ana kimi davranırdı.

1915-ci ildə Ketrin qəfil vəfat etdi. Onun cəmi 42 yaşı vardı.

Bu itki Miltonu sarsıtdı. Ətrafındakılar məktəbin də tədricən bağlanacağını düşünürdülər. Artıq bu işdə iki nəfər deyil, yalnız Milton qalmışdı.

Lakin üç il sonra o, daha böyük bir addım atdı.

1918-ci ildə “Hershey” şirkətinin nəzarət səhm paketini məktəbin fonduna keçirdi. Bununla öz sərvətinin gələcəyini də həmin uşaqların gələcəyinə bağladı.

Ətrafındakılar onun mirası ilə bağlı suallar verirdilər: Bəs məktəb uğursuz olsa necə? Sərvət kimə qalacaq? Onun əsl ailəsi kimdir?

Miltonun cavabı sadə idi:

Oğlanlar onun ailəsi idi.

O, “High Point” adlanan böyük evini tərk edib daha kiçik yaşayış yerinə köçdü. Məktəbə getməkdə davam etdi. Uşaqların adlarını bilirdi, onların həyatları ilə maraqlanırdı.

Milton Herşi 1945-ci ildə, 88 yaşında vəfat etdi. O vaxta qədər yüzlərlə uşaq həmin məktəbdə təhsil almış, məzun olmuş və öz həyatını qurmuşdu.

Bu gün Milton Hershey School-da 2 100-dən çox uşaq təhsil alır. Onların ailələri təhsil üçün pul ödəmir. Yaşayış, qidalanma, geyim, tibbi və stomatoloji xidmət, psixoloji məsləhət, kollecə hazırlıq və digər imkanlar məktəb tərəfindən qarşılanır.

1918-ci ildə yaradılan fondun aktivləri bu gün təxminən 19 milyard dollar həcmindədir. “Hershey” və “Reese’s” məhsullarının satışından əldə olunan vəsaitin bir hissəsi də həmin fonda yönəldilir.

1909-cu ildən etibarən bu məktəbi 11 mindən çox məzun bitirib.

Məktəbin kampusunda Milton Herşinin heykəli də var. Lakin heykəldə onu bahalı kostyum geyinmiş zəngin biznesmen kimi təsvir etməyiblər.

O, diz çökmüş vəziyyətdə, bir uşağın yanında, onun göz səviyyəsində dayanıb və əlini uşağın çiyninə qoyub.

Bəlkə də bu heykəl Milton Herşinin mirasını onun sərvətindən daha yaxşı ifadə edir: o, milyonlarla dollar qazandı, amma sərvətinin ən böyük hissəsini özündən sonra uşaqlara həyat qurmaq üçün qoydu.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*