İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Hofman İranla bağlı uğursuz əməliyyat planının hazırlanmasında iştirak etdikləri bildirilən iki yüksəkvəzifəli əməkdaşı vəzifədən uzaqlaşdırıb.
KONKRET.az xəbər verir ki, bu barədə The Times of Israel məlumat yayıb.
Vəzifədən uzaqlaşdırılanlardan biri dekabr ayından etibarən “Mossad”ın Kəşfiyyat İdarəsinə, digəri isə qurumun İran şöbəsinə rəhbərlik edib.
Channel 12 telekanalının məlumatına əsasən, həmin şəxslər İranda hakimiyyət dəyişikliyinə yönəlmiş əməliyyat planının müəllifləri sırasında olublar. Plan ölkədəki etnik azlıqların cəlb edilməsini və kütləvi etirazların təşviqini nəzərdə tuturdu.
İddialara görə, planın əsas elementlərindən biri İran Kürdüstanında, İraq sərhədi boyunca yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun mövqelərinə zərbələr endirilməsi idi. Bunun kürd silahlı qruplaşmalarının İranın şimal-qərbinə irəliləməsinə və yerli əhalinin onlara qoşulmasına şərait yaradacağı hesablanırdı.
Məlumatda bildirilir ki, plan müəllifləri bu prosesin genişmiqyaslı etirazlara çevriləcəyini və nəticədə İran rəhbərliyinin devrilməsinə gətirib çıxaracağını gözləyirdilər. Hətta ölkənin gələcək rəhbərlərindən biri kimi keçmiş prezident Mahmud Əhmədinejadın namizədliyi də nəzərdən keçirilib.
Bununla yanaşı, qeyd olunur ki, hər iki əməkdaşın vəzifədən ayrılması rəsmi olaraq qarşılıqlı razılıq əsasında həyata keçirilən genişmiqyaslı struktur islahatının tərkib hissəsi kimi rəsmiləşdirilir. Onların gələcəkdə “Mossad”da başqa vəzifələrdə fəaliyyətini davam etdirəcəyi gözlənilir.
The Times of Israel yazır ki, İsrail və ABŞ müharibənin ilk mərhələsində İranın şimal-qərbində təhlükəsizlik qüvvələrinin obyektlərinə zərbələr endirsələr də, mediaya sızmalar, Türkiyənin mövqeyi və kürd silahlı qruplarının ehtiyatlı davranışı Vaşinqtonun planın bu hissəsindən imtina etməsinə səbəb olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
