Azərbaycan illərdir “aqrar ölkə” adlandırılsa da, bu gün bazarlardakı vəziyyət tam əks mənzərə yaradır. Yaz mövsümünün ortasında olmağımıza baxmayaraq, tərəvəz və meyvənin qiyməti rekord həddə qalxıb. Ət məhsulları isə artıq minlərlə ailə üçün əlçatmaz olub. Ən paradoksal məqam isə odur ki, bir tərəfdə vətəndaş bahaçılıqdan əziyyət çəkir, digər tərəfdə fermer yetişdirdiyi məhsulu sata bilmədiyi üçün tonlarla məhsul tarlalarda çürüyür. Dövlətin illərdir ayırdığı subsidiyalar, güzəştli kreditlər və aqrar sahəyə ayrılan milyonlar isə real nəticə vermir. Çünki bu yardımlar Kənd Təsərrüfatı Nazirliyinin “yem” mərkəzinə çevrilib, rüşvət və korrupsiyaya ocağı yaranıb.
Fermerlər deyirlər ki, subsidiya almaq üçün aylarla qapılarda süründürülür, bəzi hallarda isə prosesdə rüşvət iddiaları ön plana çıxır. Kənd təsərrüfatı texnikası bahadır, yanacaq qiymətləri artır, gübrə əlçatmazdır, məhsulun satışı isə monopoliyaların nəzarətindədir. Nəticədə kənddə işləyən qazanmır, şəhərdə yaşayan isə məhsulu baha qiymətə almağa məcbur qalır. Qazanan isə yalnız havayı yeyən məmurlardır. Halbuki Azərbaycan həm iqlimi, həm torpaq ehtiyatları, həm də kənd təsərrüfatı ənənələri baxımından regionun ən böyük potensiala malik ölkələrindən biridir.
Bütün bunların fonunda əsas sual yaranır: Dövlətin illərlə ayırdığı vəsaitlər hara gedir və niyə Azərbaycanda kənd təsərrüfatı hələ də böhran içindədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanın böyük aqrar potensialına baxmayaraq kənd təsərrüfatında vəziyyət ürəkaçan deyil:

“Bu gün kənd təsərrüfatının vəziyyətinin pis olmasının əsas göstəricisi odur ki, bu qədər münbit torpağa, əlverişli iqlimə malik olan ölkə həm əti, həm də bir sıra kənd təsərrüfatı məhsullarını xaricdən idxal edir. Üstəlik daxildə də qiymətlər bahadır. Bu isə onu göstərir ki, kənd təsərrüfatımız səmərəli işləmir.
İlk növbədə ölkədə qanunçuluq möhkəmləndirilməlidir. Kənd təsərrüfatı sahəsində biznes və sahibkarlıq üçün münbit şərait yaradılmalıdır. İnsanlar rahat işləyib qazanc əldə edə bilməlidir. Təəssüf ki, hazırda bu sahədə ciddi problemlər var”.
Əkrəm Həsənov dövlət tərəfindən ayrılan subsidiyalar və kənd təsərrüfatı kreditləri ilə bağlı da ciddi iradlarını səsləndirib. O, bildirib ki, bu prosesdə şəffaflıq yoxdur:
“Kənd təsərrüfatı xətti ilə verilən kreditlər və subsidiyalar tam şəffaf şəkildə təqdim edilmir. Şəffaflıq olsa, görərik ki, bu vəsaitlər kimlərə və hansı meyarlarla verilir. Hazırkı vəziyyətdə isə subsidiyalar əsasən müəyyən dairələrin maraqlarına uyğun şəkildə paylanır. Digər sahələrdə olduğu kimi burada da korrupsiya halları mövcuddur”.
İqtisadçının fikrincə, kənd təsərrüfatında real islahatlar aparılmasa, yaxın illərdə həm məhsul qıtlığı, həm də qiymət artımı daha ciddi problemə çevriləcək. Fermer zərər etdikcə istehsaldan uzaqlaşacaq, nəticədə ölkənin idxaldan asılılığı daha da artacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
