Nazirliklər bölgələrə köçürülür? – Hansı qurumların adı çəkildi – AÇIQLAMAbackend

Nazirliklər bölgələrə köçürülür? – Hansı qurumların adı çəkildi – AÇIQLAMA

Universitetlərin fəaliyyətinin müvəqqəti dayandırılmasına baxmayaraq, Bakıda nəqliyyat sıxlığının davam etməsi paytaxtdakı yükün yalnız tələbə axını ilə əlaqəli olmadığını göstərir. Əhali sayının artması, avtomobillərin çoxalması, dövlət qurumlarının və iri idarələrin paytaxtda cəmləşməsi, eləcə də bölgələrdə iş imkanlarının məhdudluğu Bakıya gündəlik axını artıran əsas amillər sırasında göstərilir.

Bəs paytaxtdakı nəqliyyat yükünü azaltmaq üçün hansı dövlət qurumlarının və böyük idarələrin regionlara köçürülməsi məqsədəuyğun ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, Bakıda əhalinin və avtomobillərin həddindən artıq çoxluğu nəqliyyat probleminin əsas səbəblərindəndir:

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir” | Modern.az

“Bakıda həddindən artıq əhali var. Maşınların sayı çoxdur. Ona görə də müxtəlif problemlər yaranır. Bunun səbəblərini kompleks şəkildə araşdırmaq lazımdır. Tələbə amilini də kənara qoymaq olmaz. Dərslər başlayanda nəqliyyat sıxlığının artdığı müşahidə olunur.

Eyni zamanda, bütün dövlət orqanlarının və qurumların Bakıda yerləşməsi də paytaxtda ciddi işçi axını yaradır. Digər tərəfdən, bölgələrdə işsizlik problemi var. İnsanlar iş tapmaq üçün Bakıya axışırlar. Bir qismi taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa, dövlət qurumlarının əsasən Bakıda yerləşməsi rayonlardan müxtəlif məsələlərlə bağlı paytaxta gələnlərin sayını da artırır”.

Akif Nağının sözlərinə görə, problemin həlli üçün yalnız universitetlərin bölgələrə köçürülməsi düzgün yanaşma deyil.

“Bütün universitetləri bölgələrə köçürmək çıxış yolu deyil. Universitetlərin müəllim kontingenti də nəzərə alınmalıdır. Məsələn, müəllim Bakıda yaşayır, evi və ailəsi buradadırsa, onun hər gün və ya daimi olaraq bölgəyə getməsi çətin məsələdir. Ona görə bu məsələyə daha fərqli yanaşmaq lazımdır.

Universitetlərin bir hissəsinin Bakının ətrafına köçürülməsi mümkündür. Bir neçə universitet Bakıda saxlanılar. Digərləri üçün paytaxtdan 5-10 kilometr məsafədə ərazilər ayrılaraq böyük kampuslar salına bilər”.

Partiya sədri dövlət qurumlarının da mərhələli şəkildə bölgələrə köçürülməsini təklif edib. O, ayrı-ayrı nazirliklərin fəaliyyət istiqamətlərinə uyğun regionlarda yerləşdirilməsinin mümkün olduğunu düşünür:

“Dövlət qurumlarının da bir hissəsini bölgələrə köçürmək olar. Burada kadr problemi də ciddi şəkildə yaranmayacaq. Vacib olan qurumların bir hissəsi Bakıda saxlanılmalıdır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Kürdəmir ətrafına, Mədəniyyət Nazirliyinin isə Ağdama köçürülməsi nəzərdən keçirilə bilər. Digər qurumların Şamaxı, Gəncə və digər şəhərlərdə yerləşdirilməsi də məqsədəuyğun olardı.

Hətta Azərbaycan parlamentinin də mütləq Bakıda olması vacib deyil. Parlamentin Gəncəyə köçürülməsi məqsədəuyğun variantdır”.

Akif Nağı hesab edir ki, dövlət qurumlarının və təhsil müəssisələrinin regionlarda yerləşdirilməsi həm paytaxtın nəqliyyat yükünü azaltmağa, həm də bölgələrdə iqtisadi aktivliyi artırmağa imkan verə bilər. Onun fikrincə, bu istiqamətdə kompleks və mərhələli yanaşma tətbiq olunarsa, Bakının nəqliyyat probleminin əsas səbəblərindən bir qismini aradan qaldırmaq mümkün olar.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*