Amerikanın “Netflix” yayım xidmətinin abunəçilərinin sayı bu ilin ikinci rübündə 970 min nəfər azalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, “Netflix” bu ilin aprel-iyun dövrü üçün balans hesabatını açıqlayıb.
Bildirilib ki, “Netflix”in auditoriyası 221,64 milyon nəfərdən 220,67 milyon nəfərə qədər azalıb.
“Netflix”in xalis mənfəəti ikinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq 1,4 milyard dollara çatıb. Keçən ilin ikinci rübündə isə şirkətin xalis mənfəəti 1,3 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı da eyni dövrdə 2,97 dollardan 3,20 dollara yüksəlib.
Qeyd edək ki, aprel ayında şirkətin xidmət nümayəndələri bu müddət ərzində iki milyon müştəri itirəcəklərini, bu ilin üçüncü rübündə isə ödənişli abunələrin sayının bir milyon artacağını proqnozlaşdırmışdılar.
İqbal Rzayev,
KONKRET.az
