Ailə institutu son illərdə cəmiyyətdə baş verən sosial, iqtisadi və demoqrafik dəyişikliklərin təsir etdiyi əsas sahələrdən birinə çevrilib. Nikaha daxil olanların sayının azalması, boşanmaların isə yüksək səviyyədə qalması ailələrin dayanıqlılığı, gənclərin ailə həyatına hazırlığı və ailədaxili problemlərin vaxtında müəyyənləşdirilməsi məsələlərini yenidən gündəmə gətirir. Xüsusilə nikahların sayında müşahidə olunan azalma fonunda boşanmaların sayının dəyişməməsi ailə münasibətlərinin gələcəyi ilə bağlı suallar yaradır.
Rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 22 min 130 nikah və 11 min 678 boşanma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,7-yə qədər azalıb, boşanmaların göstəricisi isə dəyişməyib. Bu rəqəmlər təkcə nikah və boşanma statistikasını deyil, həm də ailələrin üzləşdiyi problemlərin miqyasını, ailə qurmaqla bağlı dəyişən yanaşmaları və münasibətlərin davamlılığı məsələsini gündəmə gətirir.
Bəs Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, nikahların azalmasının səbəblərinin araşdırılması və boşanmaların qarşısının alınması üçün hansı addımlar atılır?
Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova KONKRET.az-ın sorğusuna cavab olaraq bildirib ki, ailə institutunun qorunması və möhkəmləndirilməsi Komitənin əsas fəaliyyət istiqamətlərindən biridir.

Onun sözlərinə görə, bu istiqamətdə əsas diqqət yalnız sağlam ailə münasibətlərinin təşkilinə deyil, eyni zamanda gənclərin ailə həyatına hazırlanmasına, məsuliyyətli valideynliyin gücləndirilməsinə, xüsusilə də ailədaxili problemlərin erkən mərhələdə qarşısının alınmasına yönəldilib:
“Xüsusilə paytaxtda və regionlarda Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq maarifləndirici layihələr həyata keçirilir. Eyni zamanda, ailələrlə çalışan mütəxəssislərin peşəkar potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu əsasda beynəlxalq ekspertlərin iştirakı ilə müxtəlif təlimlər həyata keçirilir. Bu təlimlər çərçivəsində müasir yanaşmalar və qabaqcıl təcrübələr öyrənilir.
Digər mühüm istiqamət isə ailələrin özlərinin bu prosesdə fəal iştirakının təşviq edilməsidir. Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Ailə könüllüləri” təşəbbüsü çərçivəsində də ailələr müxtəlif layihə və maarifləndirmə fəaliyyətlərinə cəlb olunurlar. Bu layihə çərçivəsində onlar öz təcrübə və təşəbbüsləri ilə ailə dəyərlərinin təbliğinə, bu sahədə görülən işlərin inkişafına öz töhfələrini vermiş olurlar. Ailələr həyata keçirilən tədbirlərin yalnız iştirakçısı deyil, eyni zamanda maarifləndirmə prosesinin fəal tərəfdaşına çevrilirlər”.
Ləman Mahmudova boşanmaların profilaktikasına da toxunub. O, qeyd edib ki, burada əsas yanaşma ailədaxili problemlərin ümumiyyətlə böhran mərhələsinə çatmadan öncə müəyyənləşdirilməsi və ailələrin ehtiyaclarına uyğun dəstəyə yönləndirilməsidir:
“Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən uşaq və ailəyə dəstək mərkəzləri vasitəsilə ailələrlə mütəmadi olaraq işlər aparılır.
Nikahların sayında baş verən dəyişikliklərin səbəblərini yalnız son 1-2 ilin göstəriciləri ilə əlaqələndirmək düzgün deyil. Çünki dünyada gedən sosial dəyişikliklər, istər təhsil və karyera planları, miqrasiya prosesləri, eyni zamanda ailə qurmaq və valideynliklə bağlı yanaşmaların dəyişməsi insanların qərarlarına təsir göstərən amillər sırasındadır.
Dövlət Komitəsi tərəfindən də müxtəlif illərdə ailə münasibətləri, istərsə də ailə dəyərləri ilə bağlı araşdırmalar və təhlillər aparılır. Bu proses davamlı olaraq diqqətdə saxlanılır.
Ümumilikdə nikah və boşanmalar statistikası mühüm göstəricidir. Ailə vəziyyətini yalnız bu rəqəmlərlə qiymətləndirmək düzgün olmazdı. Burada əsas məqsəd dəyişən sosial reallıqlar fonunda ailələrin sağlam təməlinin qorunub saxlanılması, dayanıqlığının gücləndirilməsidir. Ailələri özlərinin bu prosesə fəal tərəfdaşına çevirmək, onlara göstərilən dəstəyin keyfiyyətini davamlı olaraq artırmaqdır”.
Aynurə İsmayıl
KONKRET.az
