“Vətəndaş bilməlidir ki, hansı qurum cavabdehdir” – Azərbaycanda idarəetmə problemibackend

“Vətəndaş bilməlidir ki, hansı qurum cavabdehdir” – Azərbaycanda idarəetmə problemi

Azərbaycanda dövlət idarəçiliyinin əsas problemlərindən biri üfüqi və şaquli məsuliyyət bölgüsünün kifayət qədər aydın olmamasıdır. Eyni və ya oxşar funksiyaları həyata keçirən qurumların çoxluğu həm dövlət büdcəsinə əlavə yük yaradır, həm də qərarvermə prosesini mürəkkəbləşdirir. Bir-birini təkrarlayan funksiyaların müxtəlif qurumlar arasında bölüşdürülməsi konkret məsələyə görə kimin məsul olduğunu müəyyənləşdirməyi çətinləşdirir.

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, bu baxımdan dövlət idarəçiliyində hərtərəfli funksional monitorinq aparılmalı, təkrarlanan səlahiyyətlər müəyyən edilməli, zəruri hallarda ayrı-ayrı qurumlar ləğv edilməli, yaxın funksiyaları həyata keçirən strukturlar birləşdirilməli və səlahiyyətlər daha aydın şəkildə bölüşdürülməlidir.

Pensiya almaq istəyənlərin diqqətinə | KONKRET

Ekspertin sözlərinə görə, məqsəd yalnız dövlət qurumlarının sayını azaltmaq deyil, daha az resursla daha sürətli, şəffaf, məsuliyyətli və nəticəyönümlü idarəetmə sistemi formalaşdırmaqdır.

“İdarəetmə islahatının digər mühüm istiqaməti desentralizasiya, yəni əks-mərkəzləşmə olmalıdır. Dövlət idarəçiliyində bütün qərarların mərkəzdə formalaşması həm mərkəzi idarəetmənin yükünü artırır, həm də yerli səviyyədə təşəbbüs və məsuliyyətin formalaşmasını məhdudlaşdırır.

Yerli xarakter daşıyan məsələlər mümkün qədər vətəndaşa yaxın səviyyədə həll edilməlidir. Əks-mərkəzləşmə dövlətin zəiflədilməsi deyil, əksinə, dövlətin strateji funksiyalarını daha səmərəli yerinə yetirməsinə, yerli səviyyədə isə qərarvermə və məsuliyyətin artırılmasına xidmət edən idarəetmə prinsipidir”, – deyə A.İbrahimov bildirib.

O qeyd edib ki, bu məsələ xüsusilə yerli idarəetmə səviyyəsində özünü qabarıq göstərir. Eyni ərazi səviyyəsində həm dövlət idarəçiliyi, həm də yerli özünüidarəetmə institutu fəaliyyət göstərir. Lakin praktikada təyin olunan strukturların səlahiyyətləri seçkili yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərindən daha genişdir.

“Burada əsas məsələ institutların sayından çox, onların funksiyalarının, səlahiyyətlərinin, maliyyə mənbələrinin və məsuliyyət sərhədlərinin nə qədər aydın müəyyən edilməsidir. Vətəndaş konkret məsələyə görə hansı qurumun cavabdeh olduğunu bilməlidir.

Mən Azərbaycan bələdiyyələrini bir mənada ‘yarımçıq doğulmuş uşaq’ kimi qiymətləndirirəm. Hüquqi status verilib, seçkilər keçirilib, müəyyən səlahiyyətlər müəyyənləşdirilib. Amma bu institutun real idarəetmə gücünə çevrilməsi üçün lazım olan maliyyə, əmlak, kadr və inzibati imkanlar tam formalaşmayıb.

Bələdiyyələrin zəif institut kimi qalmasının səbəbi yalnız maliyyə imkanlarının məhdudluğu deyil. Vaxtilə bələdiyyələrə verilmiş bir sıra səlahiyyət və gəlir imkanları sonrakı qanunvericilik dəyişiklikləri ilə daraldılıb. Nəticədə hüquqi baxımdan mövcud olan bələdiyyənin real fəaliyyət göstərə bilməsi üçün iqtisadi və inzibati imkanlar məhdudlaşıb”, – ekspert vurğulayıb.

A.İbrahimovun sözlərinə görə, əvvəlki qanunvericilikdə bələdiyyələrin yerli büdcəsinin formalaşdırılması üçün daha geniş gəlir mənbələri nəzərdə tutulurdu.

“Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, reklamla bağlı ödənişlər, mehmanxana və kurort sahəsindən daxilolmalar, dayanacaq və digər yerli gəlir mənbələri bələdiyyələrin maliyyə imkanlarının formalaşdırılmasında nəzərdə tutulan alətlər sırasında idi. Sonrakı dəyişikliklərlə bu mənbələrin bir hissəsi ləğv edilib, bir hissəsi isə daha məhdud çərçivəyə salınıb.

Bununla yanaşı, bələdiyyələrin fəaliyyət dairəsinə və öz səlahiyyətlərini həyata keçirmə imkanlarına təsir edən bir sıra hüquqi məhdudiyyətlər də formalaşıb.

Burada ciddi idarəetmə paradoksu yaranır: bələdiyyədən yerli ərazinin inkişafına, infrastrukturun yaxşılaşdırılmasına və vətəndaş qarşısında məsuliyyət daşımasına gözlənti qoyulur, amma həmin nəticəni yaratmaq üçün lazım olan səlahiyyət və maliyyə alətləri kifayət qədər geniş deyil.

Səlahiyyətin yanında resurs yoxdursa, məsuliyyət formal xarakter daşıyır. Maliyyə imkanının yanında qərarvermə səlahiyyəti yoxdursa, həmin resursdan effektiv istifadə etmək mümkün deyil”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası bələdiyyələrin yerli vergilər və ödənişlər, yerli büdcə, bələdiyyə mülkiyyəti, sosial, iqtisadi və ekoloji inkişaf proqramları üzrə səlahiyyətlərini müəyyən edir. Eyni zamanda əlavə səlahiyyətlər verildikdə onların həyata keçirilməsi üçün müvafiq vəsaitin ayrılması nəzərdə tutulur.

“Deməli, bələdiyyəyə yalnız hüquqi səlahiyyət vermək kifayət etmir. Həmin səlahiyyətin arxasında real maliyyə və idarəetmə resursu dayanmalıdır.

Bu yanaşma Azərbaycanın qoşulduğu Avropa Yerli Özünüidarəetmə Xartiyasının prinsipləri ilə də səsləşir. Azərbaycan Xartiyanı 15 aprel 2002-ci ildə ratifikasiya edib və sənəd 1 avqust 2002-ci ildə Azərbaycan üçün qüvvəyə minib. Xartiyanın əsas prinsiplərindən biri yerli hakimiyyətlərin səlahiyyətlərinin onlara uyğun maliyyə resursları ilə təmin edilməsidir.

Avropa Şurasının Azərbaycan üzrə monitorinq sənədlərində də yerli idarəetmədə paralellik, bələdiyyələrin maliyyə dayanıqlığı və institusional imkanları ilə bağlı məsələlər diqqətə çatdırılıb”, – A.İbrahimov deyib.

Ekspertin fikrincə, bu baxımdan rayon və şəhər səviyyəsində icra hakimiyyətlərinin funksiyalarının yenidən qiymətləndirilməsi, yerli xarakter daşıyan və bələdiyyə səviyyəsində daha effektiv həyata keçirilə bilən səlahiyyətlərin tədricən yerli özünüidarəetmə orqanlarına ötürülməsi müzakirə oluna bilər.

“Burada məqsəd bütün funksiyaları bələdiyyələrə vermək deyil. Dövlət strateji məsələləri, milli təhlükəsizliyi, ümummilli siyasəti və vahid standartları müəyyən etməli, yerli xarakterli məsələlərin mümkün hissəsi isə yerli səviyyədə həll edilməlidir.

Küçə, park, yerli infrastruktur, ərazi inkişafı və müəyyən sosial məsələlərlə bağlı qərarların hər dəfə mərkəzi idarəetmə səviyyəsinə daşınması idarəetmə məsafəsini artırır və məsuliyyət xəttini uzadır.

Dövlət qurumlarının birləşdirilməsi və funksiyaların konsolidasiyası müəyyən hallarda səmərəliliyi artıra bilər. Həm büdcə yükünü azaldar, həm də korrupsiya və sui-istifadə risklərinin yarana biləcəyi inzibati təmas nöqtələrinin sayını azaltmağa kömək edə bilər.

Ona görə də hər bir struktur islahatından əvvəl funksional audit aparılmalı və hər bir funksiyanın sahibi müəyyən edilməlidir. Hansı məsələ dövlət, hansı məsələ regional səviyyədə, hansı məsələ isə bələdiyyə səviyyəsində həll olunmalıdır – bu bölgü hüquqi, maliyyə və institusional baxımdan dəqiq müəyyənləşdirilməlidir.

Hər bir səlahiyyətin yanında maliyyə mənbəyi, kadr imkanları, hesabatlılıq mexanizmi və nəticə göstəricisi də olmalıdır”, – deyə ekspert əlavə edib.

A.İbrahimov hesab edir ki, idarəetmə islahatının uğurunu neçə dövlət qurumunun ləğv edilməsi ilə ölçmək düzgün deyil.

“Əsas göstəricilər qərarların qəbul sürəti, dövlət xərclərinin səmərəliliyi, xidmətlərin keyfiyyəti, məsuliyyətin konkretliyi, yerli özünüidarəetmənin real imkanları və vətəndaşın probleminin hansı səviyyədə həll olunmasıdır.

Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri mərkəzdən idarə olunan sistemdən səlahiyyətin, resursun və məsuliyyətin daha aşağı idarəetmə səviyyələrinə də ötürüldüyü modelə keçiddir.

Bələdiyyələrə yalnız hüquqi status verib onları maliyyə və idarəetmə imkanlarından məhrum saxlamaqla yerli özünüidarəetmənin tam potensialını reallaşdırmaq mümkün deyil. Əks-mərkəzləşmə idarəetmənin zəiflədilməsi yox, qərarın və məsuliyyətin vətəndaşa yaxınlaşdırılmasıdır”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*