27 sentyabr 1996-cı ildə Taliban qüvvələri Kabulu ələ keçirərkən Əfqanıstan Demokratik Respublikasının keçmiş prezidenti Məhəmməd Nəcibullah edam edildi.
KONKRET.az xəbər verir ki, Nəcibullah 1975-ci ildə Kabil Universitetinin Tibb fakültəsini bitirmişdi. Partiya karyerasının ilk illərində yumşaq davranışı və həkim diplomuna görə sonralar siyasi rəqibləri və mətbuat tərəfindən “Doktor Nəcib” ləqəbi ilə tanınırdı.
Lakin o, hakimiyyətə həkim kimi deyil, Əfqanıstan Demokratik Respublikasının dövlət təhlükəsizlik xidməti olan XAD-ın rəhbəri kimi gəldi. Onun rəhbərliyi dövründə bu qurum ölkənin ən sərt və effektiv strukturlarından birinə çevrildi. XAD xüsusilə mücahid dəstələrinin daxilində geniş agentura şəbəkəsindən fəal şəkildə istifadə edirdi.
Prezident olduqdan sonra Nəcibullah bir sıra mühüm siyasi addımlar atdı. İslamı dövlətin rəsmi dini elan etdi, siyasi məhbuslara amnistiya verdi, müxalifəti sülh danışıqlarına çağırdı. Hakim partiyanın adını dəyişdi və konstitusiyada çoxpartiyalı sistemin əsaslarını təsbit etdi.
1988-ci ildə, Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra sovet qoşunlarının Əfqanıstandan çıxarılması başa çatdı. Eyni zamanda ABŞ və Pakistan əfqan silahlı müxalifətinə yardımı dayandırmaq öhdəliyi götürmüşdü.
Nəcibullah bu addıma qarşı çıxırdı. O hesab edirdi ki, sovet qoşunlarının və Moskvanın dəstəyinin tamamilə geri çəkilməsi Əfqanıstan hökumətini birləşmiş silahlı müxalifətin qarşısında tək qoyacaq. Sonralar o, həmin günləri xatırlayaraq deyirdi: “Qəzəb və utanc məni boğurdu”.
Buna baxmayaraq, çoxlarının gözlədiyi kimi Nəcibullah hökuməti dərhal süqut etmədi. Əksinə, prezident radikal qüvvələrin yayılması təhlükəsi qarşısında əhalinin müəyyən hissəsini ətrafında birləşdirə bildi.
Sovet qoşunlarının ölkədən çıxarılmasından sonra Nəcibullahın əhali arasındakı dəstəyinin artdığı da müşahidə olunurdu. Minlərlə əfqan silahı yerə qoyaraq evlərinə qayıdır, on minlərlə qaçqın isə ölkəyə geri dönürdü.
Lakin mücahidlərə silah tədarükü tam dayanmadı. Sovet İttifaqının dəstəyi isə artıq yox idi. 1992-ci ildə Nəcibullahın müqaviməti davam etdirmək imkanları tükəndi. O, istefa vermək və ölkəni tərk etmək qərarına gəldi. Lakin Əfqanıstandan çıxmaq cəhdi baş tutmadı.
Nəcibullah qardaşı ilə birlikdə Kabuldakı BMT missiyasının binasına sığındı. Onlar burada düz dörd il qaldılar.
1996-cı il sentyabrın 27-də gecə saat 01:30 radələrində Taliban döyüşçüləri BMT missiyasının ərazisinə daxil oldular. Onlar əməkdaşları döydü, binanı dağıtdı və Nəcibullahla qardaşını zorla apardılar.
Bir neçə saat ərzində onlara işgəncə verildi. Daha sonra meyitləri avtomobilə bağlanaraq təxminən iki kilometr süründürüldü və prezident sarayının girişindəki möhkəmləndirilmiş nəzarət məntəqəsində asıldı.
Nəcibullahın faciəli taleyi Əfqanıstan tarixinin ən dəhşətli səhifələrindən biri kimi yadda qaldı.
İllər sonra ABŞ-ın Əfqanıstandakı hərbi və siyasi varlığının ən yüksək mərhələsində ölkənin yerli televiziyalarından biri maraqlı sorğu keçirdi: Əfqanıstan tarixində hansı liderin hakimiyyəti daha uğurlu olub?
Nəticə paradoksal idi.
ABŞ-ın illərlə davam edən hərbi mövcudluğuna və ölkədə yeni demokratik sistem qurulmasına yatırılan milyardlarla dollara baxmayaraq, sorğuda iştirak edən əfqanların bir hissəsi keçmiş sovetyönlü rejimin mərhum rəhbəri Məhəmməd Nəcibullahın dövrünü daha uğurlu hesab etmişdi.
Bəlkə də bunun səbəbi Nəcibullahın son müsahibələrində səsləndirdiyi xəbərdarlıqların zaman keçdikcə reallığa çevrilməsi idi.
O, hakimiyyətinin süqut edəcəyi təqdirdə Əfqanıstanın islam fundamentalizminin, ekstremizmin və narkotik ticarətinin tüğyan etdiyi bir ölkəyə çevriləcəyini proqnozlaşdırırdı. Sonrakı hadisələr bu qorxuların əsassız olmadığını göstərdi.
Nəcibullahın obrazı Əfqanıstan cəmiyyətinin müəyyən hissəsinin yaddaşında bu gün də güclü və müstəqil lider, son ana qədər ölkəsini tərk etməyən siyasətçi və vətənpərvər kimi yaşayır.
O, Kabulu tərk etmədi. Və sonunu da Kabildə qarşıladı.
Bu gün isə Əfqanıstanda belə sorğular artıq keçirilmir…
Hazırladı: Natiq Səlim,
KONKRET.az
