Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir.
KONKRET.az xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddindən artıq qəbulunda şişkinlik daha çox hiss olunur. Bəzi bitki çayları orqanizmdə artıq mayenin xaric olunmasına dəstək verə və ödemin azalmasına kömək edə bilər. Təbii tərkibli bəzi çaylar sidikqovucu və həzmi rahatlaşdırıcı təsiri ilə seçilir.
Ən çox istifadə olunan bitki çaylarından biri yaşıl çaydır. Tərkibindəki antioksidantlar və sidikqovucu xüsusiyyətlər sayəsində bədəndə yığılan artıq mayenin atılmasına kömək edə bilər. Gicitkən çayı da xalq təbabətində geniş istifadə olunur. Bu çayın toksinlərin və artıq suyun orqanizmdən xaric edilməsini dəstəklədiyi bildirilir.
Cəfəri çayı təbii ödematıcı təsiri ilə tanınır. Xüsusilə duzlu qidaların çox qəbulundan sonra yaranan şişkinliyin azalmasına kömək etdiyi qeyd olunur. Zəncəfil çayı isə qan dövranını sürətləndirərək həm şişkinliyi, həm də həzm problemlərini azaltmağa dəstək verə bilər. Mütəxəssislərin fikrincə, çobanyastığı çayı da faydalı seçimlərdən biridir. Bu çay həzmi rahatlaşdırır, köp və qarında yaranan şişkinlik hissini azalda bilir. Hibiskus çayı isə bədəndə maye balansının tənzimlənməsinə kömək edən bitki çayları sırasında göstərilir.
Xalq təbabətində uzun illərdir istifadə olunan qarğıdalı saçağı çayı da sidikqovucu təsiri ilə tanınır. Bununla belə, həkimlər bu cür çayların nəzarətsiz və həddindən artıq istifadəsinin düzgün olmadığını vurğulayırlar. Qeyd edilir ki, ödem probleminin tez-tez təkrarlanması və ya uzun müddət davam etməsi bəzi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Ürək, böyrək və hormonal pozuntular zamanı da bədəndə şişkinlik yarana bilər. Bu səbəbdən davamlı ödem hallarında mütləq həkim müayinəsindən keçmək tövsiyə olunur.
Mütəxəssislər həmçinin bildirirlər ki, bitki çayları ilə yanaşı, kifayət qədər su içmək, duz qəbulunu azaltmaq və aktiv həyat tərzi ödemin qarşısının alınmasına kömək edən əsas amillərdəndir.
