Ölkə müəllimin güllələnməsi xəbəri ilə çalxalanır: Bəs kimdir günahkar: Cəmiyyət, məktəb, yoxsa valideyn?backend

Ölkə müəllimin güllələnməsi xəbəri ilə çalxalanır: Bəs kimdir günahkar: Cəmiyyət, məktəb, yoxsa valideyn?

Son dövrlər ölkədə azyaşlılar arasında baş verən zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir neçə gün əvvəl 12 yaşlı uşağın 7 yaşlıya xəsarət yetirməsi, eləcə də şagirdin müəllimə qarşı silahlı hücumu kimi hadisələr bu problemin artıq fərdi yox, sosial xarakter aldığını göstərir. Mütəxəssislər bu cür olayların artmasını tərbiyə boşluğu, ailə nəzarətinin zəifləməsi və cəmiyyətdə dəyərlərin aşınması ilə əlaqələndirirlər.

Bəs, son vaxtlar məktəblərdə və azyaşlılar arasında baş verən ağır insidentlər nə ilə bağlıdır və bu təhlükəli tendensiyanın qarşısını necə almaq olar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nail Cəlil bildirib ki, problemin kökündə uşaqlar üzərində idarəedici və tənzimləyici mexanizmlərin zəifləməsi dayanır:

“Bu hadisələrin əsas səbəbi tərbiyənin məhdudlaşması, valideyn–övlad münasibətlərində nəzarətin zəifləməsidir. Faktiki olaraq müəyyən idarəçilik olmadığı üçün bəzi uşaqlar özlərini həddindən artıq azad və məsuliyyətsiz hiss edirlər. Vaxtilə azlıq təşkil edən bu davranış formaları bu gün sosial mühitdə çoxluğa çevrilmək təhlükəsi yaradır”.

Rusiya təklənib, dünyadan sürətlə təcrid olunur

Sosioloqun sözlərinə görə, baş verənləri yalnız sosial şəbəkələrin üzərinə atmaq düzgün yanaşma deyil:

“Sosial şəbəkələr təsir faktorlarından biridir, amma əsas məsələ ailə münasibətləridir. Uşağın davranışında aqressiya və məsuliyyətsizlik varsa, bu çox zaman valideyn nəzarətinin zəifliyindən və yaxın çevrənin mənfi təsirindən qaynaqlanır. Valideyn normal insan ola bilər, lakin övladını tənzimləyə bilmirsə, nəticə belə olur”.

Nail Cəlil vurğulayıb ki, uşaqlıq dövründə nəzarətsiz və həddən artıq sərbəst böyüyən fərdlərin sonradan problemli davranışlar göstərməsi gözləniləndir:

“Uşaqlar dəbdə olana, populyar davranışlara meyilli olurlar. Valideyn və müəllimlərə qarşı aqressiya cəmiyyətdə dəyərlərin itirilməsi riskini göstərir. Süni intellekt, smartfonlar və nəzarətsiz informasiya axını da uşaqları müxtəlif istiqamətlərə sürükləyə bilir”.

Sosioloq hesab edir ki, bu kimi halların qarşısını almaq üçün ailə nəzarəti gücləndirilməli, məktəblərdə tərbiyəvi tədbirlər artırılmalı və uşaqların sosial mühitinə ciddi diqqət yetirilməlidir:

“Bu məsələyə ictimai təhlükə kimi yanaşılmalı və xüsusi tənzimləyici tədbirlər həyata keçirilməlidir. Yalnız bu halda gələcəkdə daha ağır nəticələrin qarşısını almaq mümkün olar”.

Aynurə İsmayıl
KONKRET.az

  • Filankes
    Fevral 6, 2026 - 18:02

    🙂 rauf gündəmi dəyişmək istəyir ?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*