Kanada Rusiya və Belarus idmançılarına viza verməmək qərarına görə su idman növləri üzrə iki Dünya Kuboku mərhələsinin keçirilməsi hüququndan məhrum edilib. Söhbət suya tullanma və sinxron üzgüçülük üzrə yarışlardan gedir.
KONKRET.az xəbər verir ki, Beynəlxalq Su İdmanları Federasiyası (World Aquatics) yarışların Kanadadan başqa ölkələrə köçürülməsi barədə qərar qəbul edib. Suya tullanma üzrə Dünya Kubokunun mərhələsi Meksikaya verilib. Yarışın fevralın 25-28-də keçirilməsi planlaşdırılır. Sinxron üzgüçülük üzrə mərhələnin isə hələlik hansı ölkədə təşkil olunacağı müəyyənləşməyib.
“World Aquatics”in bəyanatında qərarın səbəbi Kanada hökumətinin son açıqlamaları ilə izah edilib. Bildirilib ki, həmin açıqlamalardan Rusiya və Belarus idmançılarının, müvafiq şərtlər əsasında neytral statusla yarışanlar istisna olmaqla, planlaşdırılan turnirlərdə iştirak etmək üçün Kanada ərazisinə buraxılmayacağı qənaətinə gəlinib.
Qeyd edək ki, bu ilin aprel ayında “World Aquatics” Rusiya və Belarus idmançılarına böyüklər arasında keçirilən yarışlarda öz ölkələrinin bayrağı və himni altında iştirak etmək icazəsi vermişdi.
Bundan əvvəl Kanadanın Baş naziri Mark Karni Rusiya idmançılarının ölkəyə buraxılmayacağını bəyan etmişdi. Onun bu mövqeyi İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya xokkey yığmalarının 2026/2027-ci il mövsümündə beş beynəlxalq yarışda iştirakına icazə verməsindən sonra açıqlanmışdı.
Beləliklə, CAS 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsindən sonra tətbiq edilmiş idman qadağasının bir hissəsini aradan qaldırıb. Kanada hökumətinin mövqeyi ilə “World Aquatics”in idmançıların iştirakı ilə bağlı qaydaları arasında yaranan ziddiyyət isə iki beynəlxalq yarışın ölkədən köçürülməsi ilə nəticələnib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
