Rene Lalik zərgərlik dünyasına ənənəvi yolla gəlmədi. Onun uğurunun sirri də məhz bunda idi. O, fəaliyyətinə nə qiymətli daşları cilalamaqla başladı, nə də brilyantların sehrinə aludə oldu. Onun yaradıcılıq yolu rəssamlıqdan keçirdi.
İlk illərini kağız üzərində eskizlər çəkərək, müxtəlif zərgərlik evləri üçün layihələr hazırlayaraq keçirdi. Məhz bu təcrübə onun dünyaya baxışını və bədii düşüncə tərzini formalaşdırdı.
Lalique üçün hər bir zinət əşyası əvvəlcə kağız üzərində yaranan qrafik təsvir idi. Yalnız bundan sonra həmin təsvir üçölçülü sənət əsərinə çevrilirdi. Bu yanaşma zərgərlik sənətinin ənənəvi yaradılma prinsiplərini kökündən dəyişdi.
Lalikdən əvvəl zinət əşyalarının dəyəri, əsasən, istifadə olunan qiymətli daşların ölçüsü, çəkisi və karatı ilə müəyyən edilirdi. O isə bu ənənəyə meydan oxudu. Şüşə, emal, sədəf, fil sümüyü və yarımqiymətli daşlardan istifadə etməklə tamamilə fərqli sənət nümunələri yaratdı. Bunu materiallara qənaət etmək üçün deyil, özünün bədii prinsiplərinə sadiq qalaraq edirdi.
Onun məqsədi zinət əşyasının dəyərini istifadə olunan materialın qiymətindən ayıraraq bədii obrazın gücünə yönəltmək idi. Brilyantların gözqamaşdıran parıltısı əvəzinə forma, ritm və hərəkətə, sərvət nümayişi əvəzinə isə estetikaya və emosiyaya üstünlük verirdi.
Lalikin əsərlərinin əsas motivləri arasında iynəcələr, səhləb çiçəkləri, qadın portretləri və təbiətin müxtəlif obrazları xüsusi yer tuturdu. Uzun, axıcı xətlər, incə formalar və bir-birinə keçən təsvirlər onun yaradıcılığının əsas xüsusiyyətlərinə çevrilmişdi.
1900-cü il: Parisdə baş verən sənət inqilabı
Lalikin yaradıcılığında böyük dönüş 1900-cü ildə Parisdə keçirilən Ümumdünya sərgisi zamanı baş verdi.
Onun təqdim etdiyi əsərlər adi zinət əşyaları sərgisindən daha çox müasir incəsənət qalereyasını xatırladırdı. Burada əsas diqqət qiymətli daşların nümayişinə deyil, formanın gözəlliyinə, kompozisiyaya və sənətkarın təxəyyülünə yönəlmişdi.
Lalikin əsərləri tamaşaçılara zinət əşyasına tamam başqa gözlə baxmağı öyrədirdi. Onlar artıq sadəcə bahalı bəzək əşyaları deyil, miniatür heykəltəraşlıq nümunələri təsiri bağışlayırdı.
Brilyantların nümayişkaranə parıltısına alışmış insanlar ilk dəfə xəttin, formanın və materialların harmoniyasından doğan gözəlliklə qarşılaşırdılar.
Bu, zərgərlik sənətində mühüm estetik dəyişiklik idi. Zinət əşyası təkcə var-dövlətin və sosial statusun göstəricisi deyil, müstəqil bədii ifadə vasitəsi kimi də qəbul olunmağa başladı.
Zərgərlikdən şüşə sənətinə: yeni yaradıcılıq mərhələsi
Sonrakı illərdə Rene Lalique yaradıcılığını getdikcə daha çox şüşə sənətinə yönəltdi. Bu keçid onun üçün sənətdə geriləmə deyil, əksinə, yeni imkanların və yaradıcılıq azadlığının qapısını açdı.
O, vazalar, ətir flakonları, avtomobillər üçün dekorativ fiqurlar, lampalar və müxtəlif interyer əşyaları yaratmağa başladı.
Bu əsərlərin hər birində onun dəst-xətti aydın hiss olunurdu: dəqiq konturlar, təkrarlanan ornamentlər, şəffaf və mat səthlərin qarşılaşdırılması, işıqla kölgənin incə oyunu.
Lalikin yaradıcılığı həm də incəsənətdə baş verən üslub dəyişikliklərini əks etdirirdi. O, Art Nouveau (Ar-Nuvo) üslubunun axıcı xətlərindən və təbiət motivlərindən Art Deco-nun daha həndəsi, nizamlı və lakonik formalarına doğru keçdi. Bununla belə, özünəməxsus bədii dilini qoruyub saxlaya bildi.
Rene Lalikin sənətə verdiyi ən böyük töhfə
Rene Lalikin əsas xidmətlərindən biri zərgərlik sənətində gözəlliyin və dəyərin ölçüsünü dəyişməsi idi. O, sübut etdi ki, zinət əşyasının qiyməti yalnız onun üzərindəki brilyantların və qızılın miqdarı ilə müəyyən edilmir.
Bəzən adi görünən materiallardan hazırlanmış bir əşya ən bahalı daşlarla bəzədilmiş məmulatdan daha böyük bədii dəyərə malik ola bilər.
Lalikdən sonra zərgərlik sənətinə münasibət dəyişdi. Əsas sual artıq yalnız “Bu nə qədər bahadır?” deyildi. “Bu necə düşünülüb, hansı ustalıqla hazırlanıb və hansı ideyanı ifadə edir?” sualları da ön plana çıxdı.
Məhz buna görə Rene Lalique bu gün də sənət tarixinin ən mühüm simalarından biri hesab olunur. O, qiymətli materialların deyil, ideyanın, formanın və sənətkar təxəyyülünün gücünə inandı.
Onun yaradıcılığı bir həqiqəti ortaya qoydu: əsl sənətin dəyəri həmişə karatla ölçülmür.
Rəsmiyyə Şərifova,
KONKRET.az
