Polşa NATO-nu gözləməyəcək: Rusiyaya qarşı hərbi addım planıbackend

Polşa NATO-nu gözləməyəcək: Rusiyaya qarşı hərbi addım planı

Polşa Rusiyanın Baltikyanı ölkələrə mümkün hücumu zamanı NATO-nun kollektiv müdafiə mexanizminin işə salınmasını gözləmədən hərbi müdaxiləyə başlaya bilər.

KONKRET.az xəbər verir ki, bu barədə O2 nəşri Onet portalına istinadən məlumat yayıb.

Məlumata görə, Polşa hökuməti Rusiyanın Litva, Latviya və ya Estoniyaya hücumu ehtimalına qarşı iki ssenarini nəzərdən keçirir. Bunlardan biri humanitar yardımın göstərilməsi, digəri isə birbaşa hərbi müdaxilədir. Nəşrin jurnalisti Vitold Yuraş bu məsələni Baş nazir Donald Tuskun hökumətində təmsil olunan nazirlərlə müzakirə edib.

Hökumət nümayəndələrinin açıqlamalarından belə məlum olur ki, Varşava ikinci varianta – hərbi müdaxiləyə daha çox üstünlük verir.

Mənbələrdən birinin sözlərinə görə, Rusiyanın mümkün təxribatı və ya hücumu baş verərsə, Polşa hücuma məruz qalan Baltikyanı ölkəyə dərhal silahlı qüvvələr göndərəcək.

Mümkün ssenarilər sırasında Baltikyanı ölkələrdən birinin sərhədyanı ərazisində yerləşən kiçik kəndin ələ keçirilməsi də qeyd olunur.

Onet yazır ki, Polşanın NATO Nizamnaməsinin 5-ci maddəsinin işə salınmasını gözləmədən hərbi qüvvələrini bölgəyə göndərməsi digər müttəfiqləri kollektiv müdafiə qərarı verməyə sövq edə bilər. Nəşrin mənbələri hesab edir ki, belə bir vəziyyətdə NATO-nun reaksiyasız qalması və ya qərar verməyi gecikdirməsi alyansın mövcudluğunu ciddi sual altına qoya bilər.

Bununla belə, Polşa hökuməti müttəfiqlərinə yardım göstərərkən öz müdafiə qabiliyyətini zəiflətməməyin vacibliyini də nəzərə alır. Bu səbəbdən ilkin mərhələdə xüsusi təyinatlı qüvvələrin əməliyyata cəlb edilməsi variantı nəzərdən keçirilir.

Qeyd edək ki, materialda Rusiyanın hazırda NATO-ya hücuma hazırlaşdığını göstərən hər hansı əlamətin olmadığı da vurğulanır.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*