Ölkədə propan qazı niyə tapılmır? – Ekspert səbəbləri açıqladıbackend

Ölkədə propan qazı niyə tapılmır? – Ekspert səbəbləri açıqladı

İlham Şaban: “Avtomobilinə CNG quraşdıran şəxs anlamalıdır ki, təxminən 20 faiz yanacağa qənaət edəcək”

 Azərbaycanda sürücülər bir aya yaxındır ki, yanacaqdoldurma məntəqələrində LPG (propan) qazını tapa bilmirlər. SOCAR rəsmiləri isə LPG-nin qıtlığı ilə bağlı konkret səbəblər açıqlamasalar da, problemin həlli üçün alternativ olaraq CNG – təbii qazını bazara təqdim etdiklərini deyirlər.

Bəs, görəsən, ölkədə LPG (propan) qazının qıtlığına səbəb nədir?

Mövzu ilə bağlı Konkret.az-ın sualını cavablandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycanda sürücülərin LPG qazından istifadəsi tədricən azalacaq və sona yetəcək: “Buna səbəb odur ki, LPG qazı ekoloji baxımdan məqsədəuyğun hesab edilmir. Çünki bu qaz ekologiyaya dizellə eyni səviyyədə ziyan vurur. LPG emal prosesində yaranan qazdır və onun maya dəyəri CNG ilə müqayisədə daha bahadır. Bu qazın satışı kommersiya baxımından sərfəli deyil. LPG qazını hökumət kommersiya baxımdan daha əlverişli sahəyə yönəltmək istəyir. Belə ki,  hökumət “Heydər Əliyev” adına zavoddan alınan LPG qazını istehsal sahəsinə yönəltmək niyyətindədir. İstehsal sahəsində LPG qazı həqiqətən də əlavə dəyər yaratmaq iqtidarındadır . Yəni görünən odur ki, hökumət həqiqətən də ağıllı addım atır. Birincisi bu addımla ekologiyanın çirklənməsinin qarşısını almağı planlayır. İkincisi isə, bu qazdan daha çox gəlir əldə edilən sahələrdə istifadə etməyə çalışır”.

Ekspertin sözlərinə görə, LPG qaz balonundan istifadə olunan və Sovet dövründən qalan bir texnologiyadır: “Hazırda isə daha müasir texnologiyadan istifadə olunur. LPG ilə CNG arasında quraşdırmada 300-400 manat fərq mövcuddur. Lakin avtomobilinə CNG quraşdıran şəxs anlamalıdır ki, təxminən 20 faiz yanacağa qənaət edəcək. İkinci isə ekologiyanı korlamayacaq. Ona görə də, bu işdə əsasən təbliğat aparılmalı və LPG ilə CNG arasındakı fərqlər insanlara  düzgün şəkildə izah olunmalıdır”.

İlham Şaban əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən 2022-ci il yanvarın 1 – i bütün ictimai, 2025-ci ilə qədər isə digər kommersiya nəqliyyatı CNG qazından istifadəyə keçməlidir: “Təbii ki, qərar varsa, buna əməl olunmalıdır. Ona görə də, SOCAR-ın Azərbaycan bazarında monopoliya yaratdığını demək doğru deyil. Bu baxımdan hökumətin düzgün addım atdığını deyə bilərik. Axı köhnə və səmərəsiz, eləcə də ekoloji baxımdan keyfiyyətsiz bir texnologiya  kimə lazımdır?”.

 

Müşfiq Əhmədov

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*