“Vaşinqtonun müharibəyə başlamaq qərarı dəqiq hesablamalar aparılmadan və İsrailin təsiri altında qəbul edilib”.
KONKRET.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib.
İran mediasının yaydığı məlumata görə, Rezai İsrailin Baş naziri Benyamin Netanyahunun Trampı “bataqlığa sürüklədiyini”, özünün isə hazırda küncə sıxışdığını iddia edib.
Onun sözlərinə görə, bu səbəbdən Tramp və Netanyahu arasında fikir ayrılıqları yaranıb.
Rezayi bildirib ki, ABŞ üçün Tehranla razılaşaraq münaqişədən çıxmaq daha sərfəlidir. Onun sözlərinə görə, Vaşinqtonun münaqişədə iştirakını davam etdirməsi ABŞ-ın vəziyyətini daha da pisləşdirə bilər.
İran rəsmisi yeni müharibə başlayacağı təqdirdə ölkəsinin daha güclü və daha çoxsaylı zərbələr endirəcəyini də açıqlayıb. O, Hind okeanında yerləşən ABŞ hərbi gəmilərinin mümkün hədəflər arasında olduğunu bildirib.
Rezayinin iddiasına görə, İran hipersəs raketlərinin sürətini 6 Max-dan 10 Max-a qədər artırıb. O, həmçinin elektron müharibə və hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirildiyini və digər tədbirlərin görüldüyünü bildirib.
“Biz tamamilə hazırıq. Əgər Amerika müharibəyə başlayarsa, daha güclü cavab verəcəyik, daha çox və daha ağır zərbələr endirəcəyik”, – deyə o bildirib.
İran rəsmisi ABŞ şirkətlərinə və İrana qarşı iqtisadi təzyiqlərə dəstək verəcək qonşu ölkələrə də xəbərdarlıq edib.
Onun sözlərinə görə, ABŞ-ın İran iqtisadiyyatına qarşı hər hansı zərbəsinə cavab olaraq, Tehran ABŞ şirkətlərinə, o cümlədən regionda fəaliyyət göstərən qazma, ticarət və digər şirkətlərə zərbələr endirə bilər.
O, həmçinin İranın iqtisadi blokadasının yaradılmasına dəstək verəcək qonşu ölkələrin gəmilərinin Hörmüz boğazından keçidinə məhdudiyyət qoyula biləcəyini deyib.
Rezai ABŞ-ın və Donald Trampın regiondan gedəcəyini iddia edib. O, İran və ərəb ölkələrinin isə regionda qalacağını və onun bərpasında əsas rol oynayacağını söyləyib.
İran rəsmisi Fars körfəzində təhlükəsizliyin təmin olunması, regional iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, hətta vahid valyuta və ümumi bazarın yaradılmasının vacibliyini vurğulayıb.
Günay Əli
KONKRET.az
