Ölkəmizdə qadınlar hədəfdə: “hücum” ifşa olundubackend

Ölkəmizdə qadınlar hədəfdə: “hücum” ifşa olundu

Azərbaycanda əksər hallarda qadınların hesablarından pul oğurlanır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə məlumat verib.

Bu tendensiyanın arxasında hansı amillər dayanır? Qadınlar nəyə diqqət etməlidirlər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov deyib ki, qadınların daha çox hədəfə çevrilməsi onların texnologiyadan zəif istifadə etməsi anlamına gəlmir:

“Kibercinayətkarlar adətən uğur əldə edə biləcəkləri auditoriyaları müəyyənləşdirərək hücum ssenarilərini ona uyğun qururlar. Bu tendensiyanın arxasında bir neçə amil dayanır. İlk növbədə, sosial mühəndislik hücumları insanların texniki biliklərindən daha çox onların psixologiyasını hədəf alır. Dələduzlar özlərini bank əməkdaşı, kuryer xidməti, dövlət qurumu nümayəndəsi və ya onlayn mağaza təmsilçisi kimi təqdim edib insanları aldadırlar. Çünki kibercinayətkarlar emosional təsir yaradan mesajlardan, təcili qərar verməyə sövq edən üsullardan və etibar yaratmağa yönəlmiş davranışlardan geniş istifadə edirlər. Digər amil sosial şəbəkələrdə şəxsi məlumatların həddindən artıq paylaşılmasıdır. İnsanlar, xüsusən də qadınlar bəzən fərqinə varmadan telefon nömrəsi, doğum tarixi, ailə üzvləri, yaşadıqları ərazi və digər məlumatları açıq şəkildə paylaşırlar. Bu məlumatlar isə dələduzlara daha inandırıcı ssenarilər qurmağa imkan verir”.

Ekspert bildirib ki, onlayn alış-verişin geniş yayılması da bu riskləri artırır:

“Saxta kampaniyalar, endirim elanları, hədiyyə və ya lotereya vədləri ilə göndərilən keçidlər istifadəçiləri fişinq saytlarına yönləndirə bilir. Belə hallarda bank kartı məlumatları oğurlanır və hesablardan vəsait çıxarılır. Qadınlar, eləcə də bütün vətəndaşlar bank kartının CVV kodunu, SMS-lə gələn birdəfəlik təsdiq şifrələrini və internet-bankinq məlumatlarını heç kimə verməməlidirlər. Bank əməkdaşı heç vaxt telefonla bu məlumatları tələb etmir. Əgər belə tələb varsa, bu, böyük ehtimalla dələduzluq cəhdidir. Naməlum keçidlərə daxil olmamaq, sosial şəbəkələrdə gələn şübhəli mesajlara etibar etməmək, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək və iki faktorlu identifikasiya funksiyasını aktivləşdirmək vacibdir.

Həmçinin bank hesabları üzrə bildiriş xidmətlərinin qoşulması şübhəli əməliyyatları vaxtında aşkar etməyə kömək edir. Süni intellekt texnologiyalarının inkişafı ilə risklər daha da artır. Artıq səsin və görüntünün saxtalaşdırılması mümkün olduğundan insanlar tanış şəxslərin adından gələn zənglərə, mesajlara da ehtiyatla yanaşmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*