Ordu Trotskinin əlində idi, hakimiyyət isə Stalinə qaldı: Lenin sonrası mübarizənin qalibi necə müəyyənləşdi?backend

Ordu Trotskinin əlində idi, hakimiyyət isə Stalinə qaldı: Lenin sonrası mübarizənin qalibi necə müəyyənləşdi?

Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarı Lev Trotski 1923-cü ilin payızında Dubna çayı yaxınlığındakı bataqlıqlara ördək ovuna getmişdi. Gecə şaxtalı keçdiyindən ov paltarını çıxarıb keçə çəkmələrini geyindi və daxmaya çəkildi.

Səhər günəş çıxıb havanı isidəndə bataqlıq yumşaldı. Avtomobilə qədər cəmi yüz addımlıq yolu getmək belə təhlükəyə çevrildi: Trotskinin hər iki ayağı buzlu suya batdı. O, keçə çəkmələrini çıxarıb ayaqlarını avtomobilin mühərrikinin yanında qızdırdı. Lakin bu hadisə onun soyuqlamasına səbəb oldu və xəstəlik yatağa düşməsi ilə nəticələndi.

Həkimlər hərarətinin niyə uzun müddət aşağı düşmədiyini anlaya bilmirdilər. Yaz aylarınadək ayağa qalxmasına icazə vermədilər. Bu müddətdə Siyasi Büronun iclasları artıq onun mənzilində keçirilirdi. Trotski sonralar yazacaqdı ki, müharibəni və inqilabı əvvəlcədən görmək mümkündür, amma payızda ördək ovuna getməyin necə nəticələnəcəyini heç kim proqnozlaşdıra bilməz.

Halbuki cəmi bir il yarım əvvəl o, hakimiyyətin ən yüksək pillələrindən birində dayanırdı. 1922-ci ilin yazında partiyanın Mərkəzi Komitəsinə keçirilən seçkilərdə Lenin və Trotski eyni sayda — hərəsi 477 səs toplamışdı.

Stalin isə 463 səslə yalnız onuncu yeri tutmuşdu. Aradan bir neçə il keçəcək, arxasında Qırmızı Ordu dayandığı düşünülən Trotski partiyadan xaric ediləcək, seçkilərdə ondan geridə qalan Stalin isə hakimiyyətin əsas sahibinə çevriləcəkdi.

Heç kimin ciddi yanaşmadığı vəzifə

1922-ci ilin aprelində Stalin partiyanın Mərkəzi Komitəsinin Baş katibi təyin edildi. İlk baxışdan bu, böyük siyasi əhəmiyyət daşımayan, daha çox təşkilati və texniki xarakterli vəzifə hesab olunurdu. Onun namizədliyini Petroqrad partiya təşkilatının rəhbəri Qriqori Zinovyev və Moskva Sovetinin sədri Lev Kamenev dəstəkləmişdilər.

Zinovyev düşünürdü ki, bu vəzifə vasitəsilə partiya aparatında öz tərəfdarlarını irəli çəkə biləcək. Lakin tezliklə məlum oldu ki, baş katibin öz kadr planları var.

Əslində, Katibliyin əlində çox mühüm imkanlar cəmləşmişdi. Qurultaya kimin nümayəndə göndəriləcəyinə, partiyada və xalq komissarlıqlarında hansı şəxslərin vəzifə tutacağına, kimin sanatoriyaya göndəriş alacağına qədər bir çox məsələlər bu aparat vasitəsilə həll edilirdi.

Trotski də bu vəzifəyə iddialı ola bilərdi. 1923-cü ilin əvvəlində Stalin özü ona Lenin xəstə olduğu üçün qurultayda əsas məruzə ilə çıxış etməyi təklif etmişdi.

Lakin Trotski bu təklifdən imtina etdi. Onun fikrincə, partiya xəstə liderin yerinə başqa bir şəxsin çıxış etməsini düzgün qarşılamazdı. Nəticədə əsas məruzə Zinovyevə həvalə edildi.

Trotski və köhnə bolşeviklər

Trotskinin nüfuzu böyük idi, lakin partiya daxilində onun etibarlı tərəfdarları çox deyildi.

İnqilabdan əvvəl o, bolşeviklərlə ciddi fikir ayrılıqları yaşamışdı. 1903-cü il partiya qurultayında menşeviklərin mövqeyinə yaxın dayanmış, 1912-ci ildə isə bolşeviklərə qarşı müxtəlif qrupları birləşdirən blokda iştirak etmişdi. Yalnız 1917-ci ilin yayında bolşevik partiyasına qoşulmuşdu.

Trotski parlaq natiq və istedadlı təşkilatçı olsa da, insanlarla münasibətlərində çətin xarakterə malik idi. Həmsöhbətinə nəzakətlə yanaşsa da, onu dinləməyi sevmir, çox vaxt sözünü yarımçıq kəsirdi. Partiya bürokratiyasını kəskin tənqid etməsi də aparat daxilində ona qarşı narazılığı artırırdı.

Bununla belə, Trotski partiyanın özünə qarşı çıxmaq niyyətində deyildi. Onun mövqeyini bu sözlər ifadə edirdi: “Partiya son nəticədə həmişə haqlıdır… Ədalətli, ya qeyri-ədalətli — bu mənim partiyamdır”.

Stalin isə həmin dövrdə ciddi rəqib kimi qəbul edilmirdi. Onu daha çox gündəlik təşkilati işləri yerinə yetirən, səssiz və zəhmətkeş partiya funksioneri hesab edirdilər. Trotski onu “partiyamızın ən görkəmli vasatlığı” adlandırırdı. Heç bir xarici dil bilməyən, natiqlik qabiliyyəti ilə seçilməyən bu şəxsin bir gün partiyaya və ölkəyə rəhbərlik edəcəyini təsəvvür etmək çətin görünürdü.

Lakin Trotskinin nəzərə almadığı əsas məsələ Stalinin əlində cəmləşən təşkilati imkanlar idi.

Gizli yeddilik

Trotski xəstə yatdığı müddətdə Siyasi Büronun digər üzvləri ayrıca görüşür, mühüm məsələləri əvvəlcədən müzakirə edərək ortaq mövqe formalaşdırırdılar.

Onların arasında Stalin, Zinovyev, Kamenev və digər nüfuzlu partiya rəhbərləri vardı. Bu qrupun əsas məqsədi Trotskinin siyasi təsirini məhdudlaşdırmaq və onun təşəbbüslərinə qarşı birgə mövqe nümayiş etdirmək idi.

Beləliklə, Trotski formal olaraq yüksək vəzifələrini qoruyub saxlasa da, mühüm qərarların qəbul edildiyi mühitdən getdikcə uzaqlaşdırılırdı.

Mübarizə təkcə partiya aparatında aparılmırdı. Orduya nəzarət məsələsi də gündəmdə idi. 1923-cü ilin payızında Trotskinin rəhbərlik etdiyi İnqilabi Hərbi Şuraya yeni üzvlər daxil edildi. Nəticədə onun tərəfdarlarının mövqeyi zəiflədi. Trotskiyə yaxın olan Moskva Hərbi Dairəsinin komandanı Nikolay Muralov isə Mixail Tuxaçevski ilə əvəz olundu.

Bu dəyişikliklər göstərirdi ki, Trotskinin hərbi sahədəki nüfuzu da tədricən məhdudlaşdırılır.

Leninin dəfni: Trotskinin ən böyük siyasi səhvi?

1924-cü ilin yanvarında Trotski müalicə məqsədilə Qafqaza, Suxuma yola düşdü. Leninin ölüm xəbəri onu Tiflisdə, dəmir yolu vağzalında olarkən yaxaladı.

Trotskinin sonralar danışdığına görə, Kremldən onun sorğusuna cavab olaraq bildirmişdilər ki, dəfn mərasimi şənbə günü keçiriləcək və onun Moskvaya vaxtında çatması mümkün deyil. Buna görə də müalicəni davam etdirməsi məsləhət görülmüşdü.

Lakin dəfn mərasimi bazar günü keçirildi. Moskvada Leninlə vidalaşdıqları saatlarda Suxum yaxınlığında, dəniz sahilində salyut səsləri eşidilirdi. Trotski isə dövlət bağ evinin eyvanında uzanaraq həmin səsləri dinləyirdi.

Partiya daxilində bu hadisə yadda qaldı: ölkənin ikinci siyasi fiquru Leninin dəfnində iştirak etməmişdi.

Sonralar dərc olunan sənədlər göstərdi ki, dəfnin şənbə günü keçiriləcəyi barədə məlumat ilk teleqramda göstərilmişdi. Trotski isə cavabında səhhətinə görə insanların qarşısında çıxış edə bilməyəcəyini bildirmişdi.

Bununla belə, onun siyasi rəqibləri üçün yaranmış vəziyyət əlverişli idi. Trotskinin dəfn mərasimində iştirak etməməsi ictimai və siyasi müzakirələrdə onun əleyhinə istifadə edildi.

Ancaq Trotskinin hakimiyyəti məhz dəfn mərasiminə getmədiyi üçün itirdiyini söyləmək düzgün olmazdı. Bu hadisə daha geniş siyasi mübarizənin yalnız bir epizodu idi.

“Lenin çağırışı” və partiyanın dəyişən siması

Leninin ölümündən sonra partiya rəhbərliyi fəhlələrin kütləvi şəkildə təşkilata qəbuluna başladı. Bu kampaniya tarixə “Lenin çağırışı” adı ilə düşdü.

1924-cü ilin may ayının ortalarınadək təxminən 241,6 min nəfər partiyaya qəbul edildi. Beləliklə, Kommunist Partiyasının üzvlərinin sayı qısa müddətdə təxminən iki dəfə artdı.

Yeni qəbul olunanların əksəriyyəti fəhlələr idi. Lakin bu kütləvi qəbulun siyasi nəticələri də vardı. Onların bir çoxu partiyanın daxili mübarizəsində hansı qrupların və şəxslərin hansı mövqedə dayandığını bilmirdi. Əvəzində, qurultay nümayəndələrinin seçilməsində iştirak etmək imkanına malik idilər.

Eyni zamanda partiya təşkilatlarında təmizləmələr aparılırdı. Xüsusilə müxalifətə rəğbət göstərən təşkilatlarda kadr dəyişiklikləri həyata keçirilirdi.

Nəticədə 1924-cü ilin yazında keçirilən qurultayda Trotskinin etibarlı tərəfdarlarının sayı kəskin azaldı. O, Mərkəzi Komitənin üzvü olsa da, qurultayda yalnız məşvərətçi səs hüququ ilə iştirak edirdi.

Beləliklə, Trotski öz nüfuzunu qorusa da, partiyanın qərarverici mexanizmlərində əvvəlki mövqeyini itirməyə başlayırdı.

Leninin vəsiyyəti: Stalinə qarşı son xəbərdarlıq

Hələ 1922-ci ilin sonunda Lenin “Qurultaya məktub” kimi tanınan sənədini diktə etmişdi. Bu məktubda o, partiya rəhbərliyinin əsas simaları haqqında fikirlərini bölüşürdü.

Lenin Stalinin baş katib kimi əlində həddindən artıq böyük hakimiyyət topladığını və onun kobud xarakterinin bu vəzifə üçün təhlükə yarada biləcəyini yazırdı. Trotskini isə Mərkəzi Komitənin ən qabiliyyətli üzvlərindən biri kimi xarakterizə edirdi.

Lenin Stalinin baş katib vəzifəsindən uzaqlaşdırılmasını təklif edirdi.

Bu sənəd sonradan “Leninin vəsiyyəti” adı ilə tanındı. Qurultay ərəfəsində məktub Mərkəzi Komitənin üzvlərinə və yerli partiya təşkilatlarının rəhbərlərinə oxundu.

Stalin bu məqamda çətin vəziyyətə düşmüşdü. Trotskinin silahdaşı Karl Radek ona yaxınlaşaraq belə dedi:

“İndi onlar sizə qarşı getməyə cürət etməzlər”.

Trotski isə fərqli düşünürdü:

“Əksinə, indi onlar sonadək getməli olacaqlar, üstəlik, mümkün qədər tez”.

Zinovyev dərhal çıxış edərək Leninin baş katiblə bağlı narahatlığının artıq özünü doğrultmadığını bildirdi. Səsvermə açıq keçirildi və əksəriyyət Stalinin vəzifədə qalmasını dəstəklədi. Onun əleyhinə isə yalnız Trotskinin kiçik tərəfdar qrupu çıxış etdi.

Trotski özü bu müzakirədə fəal mövqe nümayiş etdirmədi. O, baş verənləri kənardan izləməklə kifayətləndi.

Beləliklə, Lenin tərəfindən ifadə edilmiş narahatlığa baxmayaraq, Stalin baş katib vəzifəsini qoruyub saxladı.

Trotski niyə ordunu hərəkətə gətirmədi?

1924-cü ilin payızında Trotskinin “Oktyabrın dərsləri” adlı əsəri nəşr olundu. O, bu əsərində 1917-ci il Oktyabr çevrilişi zamanı Zinovyev və Kamenevin üsyana qarşı çıxdıqlarını xatırladırdı.

Bu açıqlama siyasi rəqiblərinin sərt reaksiyasına səbəb oldu. Qəzetlərdə “trotskizm”ə qarşı geniş kampaniya başlandı. Zinovyevin rəhbərlik etdiyi Leninqrad partiya təşkilatı Trotskinin partiyadan xaric edilməsini tələb etdi.

1925-ci ilin əvvəlində Mərkəzi Komitənin plenumuna hazırlıq zamanı Trotski özü İnqilabi Hərbi Şuranın rəhbərliyindən azad edilməsinin məqsədəuyğun olduğunu bildirdi.

O, vəzifəsi uğrunda mübarizə aparmadı. Sonralar özünün də etiraf etdiyi kimi, bu vəzifədən imtina etməyi müəyyən mənada rahatlıqla qarşılamışdı. Çünki beləliklə, rəqiblərinin onun guya hərbi çevriliş hazırladığı barədə şayiələr yaymaq imkanları azalacaqdı.

Partiya rəhbərliyi isə ən çox öz “Bonapartı”nın meydana çıxmasından ehtiyat edirdi. Yəni hərbi şöhrətindən istifadə edərək hakimiyyəti ələ keçirə biləcək bir sərkərdədən.

Üstəlik, Qırmızı Ordu elə təşkil olunmuşdu ki, onun bütün strukturları şəxsən xalq komissarına tabe deyildi. Partiya aparatı hərbi rəhbərlik üzərində mühüm nəzarət imkanlarına malik idi.

Plenum zamanı Kamenev Trotskinin İnqilabi Hərbi Şuradakı vəzifəsinin Stalinə verilməsini təklif etdi. Stalin isə bu təklifin qəbul edilməsinə qarşı çıxdı və baş katib vəzifəsini qorudu.

Bu, hakimiyyət mübarizəsinin mahiyyətini açıq göstərirdi: ölkədə əsas güc təkcə hərbi qüvvəyə komandanlıq etməkdən deyil, partiya aparatına, kadr təyinatlarına və qərarların qəbul mexanizminə nəzarətdən keçirdi.

Maks İstmenin kitabı və Trotskinin geri çəkilməsi

1925-ci ildə amerikalı jurnalist Maks İstmenin Kremldə hakimiyyət uğrunda mübarizəyə həsr olunmuş kitabı xaricdə nəşr edildi. Kitabda Leninin “Qurultaya məktub”undan parçalar da yer almışdı.

Trotskinin fikrincə, sənədin ictimaiyyətdən gizlədilməsinə görə məsuliyyət onu çap edənlərdə deyil, partiya rəhbərliyində idi.

Lakin vəziyyət yenidən gərginləşəndə Trotski geri çəkilməli oldu. Siyasi Büronun təsiri altında hazırlanan və “Bolşevik” jurnalında dərc edilən bəyanatı imzalayaraq İstmenin kitabından və onun təqdim etdiyi şərhlərdən uzaqlaşdı.

Bu bəyanat mahiyyət etibarilə Stalinin mövqeyinə uyğun idi: guya Leninin məktubu heç kimdən gizlədilməmişdi.

Bu arada Stalin 1926-cı ilədək Zinovyev və Kamenevi də siyasi təsir imkanlarından məhrum etməyə başladı. Bir vaxtlar Trotskiyə qarşı Stalinlə ittifaq quran bu iki siyasətçi indi keçmiş rəqibləri ilə yaxınlaşmağa məcbur oldular.

1927-ci ildə müxalifət Leninin məktubunun dərc edilməsini tələb etdikdə Stalin Mərkəzi Komitənin plenumunda Trotskinin əvvəlki bəyanatını oxudu və belə dedi:

“Aydındır, deyəsən? Bunu Trotski yazır, başqa heç kim deyil”.

Həmin plenumda Trotskinin son çıxışı zamanı ona stəkan və iki qalın kitab cildi atıldığı da bildirilir. Bu səhnə partiya daxilində siyasi mübarizənin artıq açıq qarşıdurma mərhələsinə keçdiyini göstərirdi.

Partiyadan xaric edilmə və sürgün

1927-ci ilin payızında həmin plenumdan bir neçə həftə sonra Trotski, Zinovyev və Kamenev Kommunist Partiyasından xaric edildilər.

Onlara qarşı əsas hüquqi-siyasi əsas kimi Leninin 1921-ci ildə irəli sürdüyü “Partiya birliyi haqqında” qərar göstərilirdi. Həmin qərar partiya daxilində fraksiyaların yaradılmasını qadağan edir və bu qaydanın pozulmasına görə ciddi intizam tədbirləri nəzərdə tuturdu. Maraqlıdır ki, Trotski vaxtilə bu qərarı dəstəkləmişdi.

Zinovyev və Kamenev mövqelərini dəyişərək partiya rəhbərliyindən üzr istədilər və Stalinlə barışmağa çalışdılar. Trotski isə geri çəkilmədi.

Onun yaxın silahdaşlarından biri olan Adolf İoffe ağır xəstəlik və ümidsizlik içində intihar etməzdən əvvəl Trotskiyə vida məktubu yazmışdı. Məktubda onun tez-tez kompromisə getməsini, razılaşma naminə öz haqlılığından belə imtina etməsini tənqid edirdi.

Trotski tövbə etmədi və öz siyasi mövqeyindən geri çəkilmədi.

1928-ci ildə Almatıya sürgün edildi. Bir il sonra isə Sovet İttifaqından çıxarılaraq Türkiyəyə göndərildi. Beləliklə, bir vaxtlar Qırmızı Ordunun yaradılmasında mühüm rol oynamış, inqilabın əsas simalarından biri sayılan Trotski siyasi hakimiyyətdən tamamilə uzaqlaşdırıldı.

Mühacirətdə olduğu illərdə Stalin haqqında kitab üzərində işləyən Trotski sonradan siyasi tarixə düşən belə bir fikir irəli sürdü:

Aparatı Stalin yaratmadı — aparat Stalini yaratdı”.

Bu cümlə onun məğlubiyyətinin mahiyyətini izah edən əsas fikirlərdən biri idi. Trotski hərbi nüfuza, inqilabi şöhrətə və şəxsi istedada güvənirdi. Stalin isə səssiz-sədasız partiya aparatını, kadr təyinatlarını və təşkilati mexanizmləri öz nəzarətinə götürürdü.

Nəticədə Trotskinin əlində böyük hərbi nüfuz qalsa da, siyasi hakimiyyətə aparan əsas yollar artıq Stalinin nəzarətində idi. Tarix göstərdi ki, inqilabın qalibi olmaqla onun yaratdığı dövlətin sahibi olmaq eyni şey deyil.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*