Pambıq tarlalarına uşaqlar cəlb edilir – Türkmənistanla bağlı BİLMƏDİKLƏRİMİZbackend

Pambıq tarlalarına uşaqlar cəlb edilir - Türkmənistanla bağlı BİLMƏDİKLƏRİMİZ

Türkmənistan hökuməti 2022-ci ildə pambıq yığımı zamanı məcburi uşaq əməyindən istifadə edib, tarlalarda işçilər üçün məqbul şərait yaratmayıb, onları çox vaxt açıq havada gecələməyə məcbur edib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkmən İnsan Haqları Təşəbbüsünün (TİHR) hazırladığı hesabatda deyilir.

Qeyd olunub ki, məcburi əməyə cəlb etmə faktları respublikanın pambıq əkilən bütün rayonlarında qeydə alınıb.

Məlumata görə, yerli administrasiyalar işçiləri öz məhsullarını yığmağa məcbur ediblər. Uşaq əməyindən də istifadə olunub. Belə ki, kasıb ailələrdən olan azyaşlılar bilərəkdən tarlaya gedib ki, az da olsa pul qazansın.

Çox vaxt plantasiyalara gətirilən insanlar özlərinə yaşayış yeri və yemək axtarır, havanın temperaturu sıfırın altında olanda belə çöldə yatmalı olur.

“Pambıq yığımında dövlət tərəfindən məcburi əmək və fermerlərin istismarı Türkmənistanda ilk deyil. Bu təcrübə buğda və barama istehsalında da tətbiq edilir”, – TİHR sədri Fərid Tuxbatullin bildirib.

Hesabat müəllifləri Türkmənistanda pambığın kombaynlarla yığılması ilə bağlı məlumatları təkzib edib.

“Birincisi, əllə yığılan pambıq daha çox qiymətləndirilir. İkincisi, maşınlar kiçik sahələrdə və mövsümün əvvəlində məhsul yığa bilmir. Üçüncüsü, məhsul çox az olsa da, məmurlar dövlət işçilərini sahələrə səfərbər edir ki, kvotaları yerinə yetirmək üçün çox çalışdıqlarını yuxarılara göstərsinlər”, – hesabatda deyilir.

Analitiklər respublikanın Balkan, Daşoğuz, Lebap və Məryəm vilayətindəki vəziyyəti öyrəniblər.

Onlar apardıqları müşahidələr əsasında belə qənaətə gəliblər ki, ölkədə pambıqçılıq sistemi tamamilə dövlətin nəzarətindədir.

Ekspertlərin fikrincə, hakimiyyət fermerlər üçün məhsul kvotaları müəyyən edir. Sistem korrupsioner elitanın maraqlarına uyğun işləyir və əhali bu halda heç bir gəlir əldə etmir.

Bununla əlaqədar, məruzəçilər Türkmənistan hökumətinə məcburi uşaq əməyindən istifadəni qadağan edən qanunların icrasını tövsiyə edirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*