ABŞ Ermənistandan Rusiyaya qarşı əməli addımlar atmağı tələb edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat yayıb. O, Kremlin əlində buna dair ciddi kompramatlar olduğunu açıqlayıb. Belə ki, ABŞ Ermənistandan rusiyalı sərhədçilərin oradan çıxarılmasını, hərbi bazanı ləğv etməyi və rusları qovmağı tələb edir. Əvəzində isə ABŞ-ın Ermənistana daxil olmasına şərait yaradılmasını istəyir. Bəs görəsən, bu fikirlər nə dərəcədə realdır? ABŞ-ın Ermənistandan belə bir tələb etməsi mümkündür, yoxsa bu, Rusiyanın uydurmasıdır? Əgər Ermənistan ABŞ-ın bu tələblərini yerinə yetirsə, Azərbaycan üçün hansısa təhlükə yarana bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, ABŞ-ın istəyi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır: “Ermənistanda ABŞ-ın çox böyük diplomatik kontingenti fəaliyyət göstərir. Əlbəttə ki, oradakı diplomatik heyət təxminən 10 faiz təşkil edir. Digərləri isə casuslar və elektron güdmə prosesini təmin edən şəxslərdir. ABŞ təsadüfdən Ermənistan-Azərbaycan münaqişəsinə maraq göstərmir. Bu, Cənubi Qafqaza daxil olmaq üçün açarlardan biridir. Birləşmiş Ştatlar çalışır ki, Bakı və İrəvan arasında etibarlı şərait formalaşsın. Ancaq burada Rusiyanın moderatorluğunun olmasını istəmir. ABŞ və Avropa İttifaqını narahat edən məhz Rusiyanın bu məsələdəki vasitəçiliyidir. Rusiya isə xeyli boşluqlar yaradır və onun rəqibləri bundan dərhal istifadə edir. Bu, onu göstərir ki, böyük dövlətlər digər ölkələr arasındakı münaqişələri həll etməkdən ötrü öz maraqlarını önə çəkirlər və başqalarının hesabına mövqelərini gücləndirirlər”.

Tofiq Abbasovun sözlərinə görə, Azərbaycan üçün bu məsələdə heç bir təhdid yoxdur: “Bizim üçün real təhdid Ermənistandır. Hazırda Ermənistanın daxilində boşluq hökm sürür və Qərb bundan istifadə etməyə çalışır. Amma ABŞ heç bir vəchlə Azərbaycanı itirmək istəməyəcək. Çünki Azərbaycanın Avropa İttifaqına və ABŞ-a verdiyi potensial əvəzsizdir. Ermınistan isə başsız bir ölkəyə çevrilib, suverenliyi demək olar ki, itmək üzrədir. Bundan istifadə edən ABŞ özünü orada möhkəmlətməyə, Rusiyanın hərbi bazasını çıxartmağa və Ermənistana hakim kəsilməyə çalışır. Hesab edirəm ki, Ermənistanın rəhbəri Nikol Paşinyan bu işə “hə” desə, dərhal hakimiyyətdən uzaqlaşdırılacaq. Onu hakimiyyətdən devirə, terrora məruz qoya bilərlər. Çünki Ermənistanda Rusiyanın casus şəbəkəsi çox güclüdür, sadəcə Kreml həmin qüvvələri ehtiyatda saxlayır. Düşünürəm ki, bunu başa düşən Paşinyan nə Şərqə, nə də Qərbə doğru maksimal hərəkət etməməyə çalışacaq. O, orta xəttlə getməyə üstünlük verəcək. Amma orta mövqe də Ermənistanı yalnız dalana dirəyəcək. Ona görə də, İrəvanın yeganə çıxış yolu Azərbaycanla barışığa getməsidir”.
Politoloq əlavə edib ki, ermənilər Qərb institutlarının əlində oyuncağa çevrildiklərini dərk etməlidirlər: “Paşinyan özündə güc tapıb Azərbaycanla barışığa getmək istədiyini bəyan edərsə, bu zaman İrəvanı hansısa gələcək gözləyə bilər. Rusiya rəhbərlərinin bu məsələləri uydurduğunu düşünmürəm. Həqiqətən də ABŞ-ın belə bir tələbi var. Proseslərin arxasında Qərbin maraqları dayanır. Rusiya vəziyyətin bu həddə çatmasını istəmirdisə, o zaman 10 noyabr öhdəliklərini yerinə yetirməyə Ermənistanı məcbur etməli idi. Amma oyunbazlıq etdikləri üçün ABŞ bundan yararlanmağa cəhd göstərdi. Ermənistanın nicat yolu isə sabit və sağlam qərar verməsindən asılıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
