Paşinyan erməni aqressiyasının girovluğunda – baş nazirin militarist ovqatının səbəbibackend

Paşinyan erməni aqressiyasının girovluğunda – baş nazirin militarist ovqatının səbəbi

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə yeni gəldiyi vaxtlarda Qarabağ mövzusunda verdiyi açıqlamalarla son aylarda verdiyi açıqlamalar, etdiyi hərəkətlər daban-dabana ziddir. Əvvəllər o, az qala Qarabağdan imtina edirmiş kimi bir davranış sərgiləyirdi, bu vilayəti Ermənistanın batan gəmisi üçün ballast hesab edirdi.

Sonradan hakimiyyətdən vaxtından tez qovulmaq ehtimalı gücləndicə, Paşinyan da öz “Qarabağ siyasəti”ni dəyişdi. İndi o, Roma papasından artıq katolik, Köçəryandan artıq qarabağlı olduğunu sübut etmək istəyir.

Paşinyanın Qarabağa artan səfərlərinin başlıca səbəbi budur. Onun Şuşada yallı oynaması, son günlərdə “Qarabağ Ermənistandır” deməsi də onunla bağlıdır ki, baş nazir hakimiyyətinin sökülməyə başlanacağını Qarabağdan gözləyir. Paşinyan qarabağlı hərbçilərin ona qarşı qiyam qaldıracağından qorxur.

Ancaq bütün bunların xeyri olacaqmı? Onsuz da Ermənistandakı hakimiyyətlərinin bir neçə mühüm qolunu itirmiş “Qarabağ klanı” Paşinyandan ciddi şəkildə narazıdır və qisas üçün əlverişli fürsət gözləyir.

Eyni zamanda Paşinyanın hakimiyyətə gəldiyi yeni vaxtlarda onun “sülhsevər çağırışları”na inanan və baş nazirin məqsədyönlü siyasəti nəticəsində Qarabağ münaqişəsinin sona yetəcəyini düşünən, bundan sonra ölkə iqtisadiyyatının inkişaf edəcəyinə, qonşularla ticarətin ölkəyə fayda gətirəcəyinə inanan Ermənistan əhalisi də yavaş-yavaş umsuq olmaqdadır.

Beləliklə, Paşinyan yanar odla gurlayıb axan selin arasında qalıb. Onun son hərəkətləri – militarist çıxışları ona gətirib çıxaracaq ki, Qarabağ ermənilərini bir az neytrallaşdıracaq, əvəzində Ermənistan erməniləri ona fanatikcəsinə dəstək verməkdən imtina edəcək. Son nəticədə populist Paşinyan təklənəcək və devriləcək.

Bu da onu göstərir ki, Ermənistan cəmiyyəti hələ də sülhə, razılaşmaya hazır deyil. Cəmiyyətdəki aqressiya baş naziri öz girovuna çevirib. Onun yerində başqası da olsa, davranışı belə olacaqdı.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*