Ermənilər yanvarın 8-də Laçın dəhlizinin bağlanması ilə əlaqədar Rusiyaya qarşı mitinq keçirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Yanvarın 8-də Ermənistan Xalq Demokratik Qütbü Rusiyanın Gümrüdəki bazasının önündə mitinq təşkil edəcək.
Təşkilat aksiyanı Laçın dəhlizinin açılması məqsədi ilə keçirəcəyini bildirib. Maraqlı məqam isə aksiyaya çağırışın “blokadadan çıxmaq üçün blokada” şüarı ilə aparılmasıdır.
Xalq Demokratik Qütbü bu addımı Rusiyanı öz öhdəliklərini xatırlamağa vadar etmək üçün atdıqlarını açıqlayıb.
Qeyd edək ki, Xalq Demokratik Qütbü ultrasağçı və Rusiya əleyhinə kəskin yanaşmasi ilə tanınır.
Təşkilatın özəyini “Sasna Çrer” terror təşkilatı formalaşdırır. “Sasna Çrer” radikal hərəkatının üzvü Vahe Qasparyan anti-Rusiya çıxışları ilə tanınır.
Bu qruplaşma Paşinyan hakimiyyətə gəldikdən sonra aktiv şəkildə Moskvaya qarşı rıçaq kimi İrəvan tərəfindən istifadə olunub.
Xüsusilə İrəvanın son iki ayda Rusiyaya qarşı aktiv ittihamları fonunda Paşinyanın onlara dəstəyi görünməmiş miqyasa çatıb. Son qərarın da Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi ilə verildiyi bildirilir.
Xuraman Etibarlı,
KONKRET.az
