Azyaşlıların oruc tutması son dövrlərdə tez-tez müzakirə olunan mövzulardan biridir. Bu məsələ həm dini yanaşma, həm də uşaqların sağlamlıq və inkişaf aspekti baxımından diqqət tələb edir. Bəzi uşaqlar bunu öz istəyi ilə edir, bəziləri isə ailə təsiri altında oruc tutur. Mövzu xüsusilə valideyn məsuliyyəti və uşaqların fiziki vəziyyəti kontekstində aktuallıq qazanır. Uşaqların qidalanması və gündəlik rejimi onların zehni və fiziki inkişafında mühüm rol oynayır. Buna görə də bu barədə fərqli baxışlar mövcuddur.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı pediatr Aytən İsmayılzadə Demokrat.az-a bildirib ki, öz istəyi ilə olsa belə, uşaqlara izah edilməlidir ki, bu ibadət əsasən yetkin insanlar üçün nəzərdə tutulub:
“Azyaşlıların orqanizmi inkişaf mərhələsindədir və uzun müddət ac və susuz qalmaq sağlamlıq baxımından risk yarada bilər. Huş itməsi, halsızlıq və digər fəsadlar baş verə bilər. Bu yaşda bədən hələ dəyişikliklərə tam adaptasiya olmayıb.
Təbii ki, fövqəladə hallarda insanlar aclığa dözmək məcburiyyətində qala bilər. Lakin adi şəraitdə uşağın özünü belə çətinliyə salmasına ehtiyac yoxdur. Dini baxımdan da bu ibadətin əsasən yetkin şəxslərə aid olduğu qəbul edilir. Ona görə də məsuliyyət daha çox valideynlərin üzərinə düşür”.
Pediatr deyib ki, əgər uşaq nəzarət altında, qısa müddətli şəkildə bunu etmək istəyirsə və sağlamlığına zərər vermirsə, bu, iradənin və inancın formalaşması baxımından müsbət dəyərləndirilə bilər:
“Amma hər hansı narahatlıq və ya sağlamlıq problemi yaranarsa, dərhal müdaxilə edilməlidir. Bu məsələdə əsas prinsip uşağın sağlamlığının qorunmasıdır”.
