Pensiya ilə bağlı VACİB AÇIQLAMA: İllərlə işləyib yığdığınız kapitalı…backend

Pensiya ilə bağlı VACİB AÇIQLAMA: İllərlə işləyib yığdığınız kapitalı...

İllərlə işləyib sosial sığorta haqqı ödəyən minlərlə vətəndaş pensiya yaşına çatdıqda gözlədiyi pensiyanı ala bilmir. Səbəb isə tələb olunan pensiya kapitalının formalaşmamasıdır. Belə halda həmin şəxslərə yalnız sosial müavinət təyin edilir, illərlə hesablarında toplanan vəsait isə geri qaytarılmır. Bu vəziyyət isə cəmiyyətdə narazılıq və müzakirələri daha da artırır. Vətəndaş öz maaşından tutulan vəsaiti niyə geri ala bilmir və gələcəkdə bu qayda dəyişə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, hazırkı sistemdə pensiya kapitalı yalnız əmək pensiyasının hesablanması üçün istifadə olunur.

 

Deputatın sözlərinə görə, “Əmək pensiyaları haqqında” qanunda vətəndaşın hesabında yığılmış vəsaitin pensiya yaşına çatdıqdan sonra birdəfəlik şəkildə geri alınmasına dair ayrıca müddəa nəzərdə tutulmayıb:

“Qanunvericiliyə əsasən, minimum tələb olunan pensiya kapitalı və ya sığorta stajı formalaşdıqdan sonra şəxsin aylıq pensiya hüququ yaranır və pensiya həmin kapital əsasında hesablanır. Kapital yetərli olmadıqda isə əmək pensiyası deyil, sosial müavinət verilir.

Azərbaycanın pensiya sistemi əsasən sosial sığorta və nəsillərarası həmrəylik prinsipi üzərində qurulub. Bu modelə görə, hazırda işləyən vətəndaşların ödədiyi sosial sığorta haqları mövcud pensiyaçıların təminatına yönəldilir”.

Azər Badamovun sözlərinə görə, son illərdə ölkədə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr aparılır və bu, gələcəkdə daha çevik mexanizmlərin tətbiqinə imkan yarada bilər:

“Beynəlxalq təcrübədə özəl pensiya fondlarında toplanmış vəsaitin müəyyən hissəsinin birdəfəlik çıxarılması, mərhələli şəkildə geri ödənilməsi və ya vəfat etmiş şəxsin vərəsələrinə ötürülməsi kimi modellər mövcuddur.

Gələcəkdə Azərbaycanda özəl pensiya fondları yaradılarsa, həmin fondlarda yığılan vəsaitlə bağlı oxşar mexanizmlərin tətbiqi də mümkün ola bilər. Lakin hazırkı mərhələdə dövlət pensiya sistemi çərçivəsində Dövlət Sosial Müdafiə Fondunda toplanmış pensiya kapitalının pensiya yaşına çatdıqda birdəfəlik qaytarılması qaydası mövcud deyil”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*