Azərbaycanda pensiyaya çıxan şəxslərə hesablanan təqaüdlərinin heç olmasa yarısının birdəfəlik verilməsi məsələsi zaman-zaman ictimai müzakirələrə səbəb olur. Xüsusilə, vətəndaşların şəxsi hesablarında görünən “pensiya kapitalı” ilə bağlı suallar bu mövzunu yenidən gündəmə gətirir.
Bəs mövcud qanunvericilik və pensiya sistemi buna imkan verirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı sistemdə vətəndaşın hesabında görünən məbləğ real yığım hesab olunmur:

“Pensiya vətəndaşın dolanışığını təmin etmək üçün ona hər ay ödənilir. Pensiyaya çıxırsa, yığılan sığortaya uyğun olaraq təqaüd hesablanır. Azərbaycanda pensiyaçının hesabında görünən sığorta məbləği var, bəzən onu pensiya kapitalı adlandırırıq. Amma həmin məbləğ hazırda real şəkildə mövcud deyil”.
İqtisadçının sözlərinə görə, hazırda işləyən şəxslərin ödədiyi sosial sığorta haqları birbaşa indiki pensiyaçıların maaşlarının ödənilməsinə yönəldilir:
“Hər ay işləyən şəxslərin ödədiyi sığorta haqqı indiki pensiyaçıların məvacibinin alınmasına xərclənir. Hesablarda toplanmır. Hesablarda görünən vəsait pensiyaçıların məvacibini bir-birindən fərqləndirmək üçündür.
Vətəndaşın ödədiyi sığorta kapitalı əsasında pensiya məbləği hesablanır. Məsələn, şəxs 50 min manat sığorta haqqı ödəyibsə, həmin məbləğ 144-ə bölünür və aylıq pensiya müəyyən edilir. Başqa biri 30 min ödəyibsə, artıq o, əmək pensiyası almaq hüququndan məhrum edilir və ona sosial müavinət verilir.
Minimum pensiya almaq üçün müəyyən hədd mövcuddur.
Əgər, məsələn, 46 min 50 manat sığorta kapitalı varsa, yenə də 144-ə bölünür və minimum pensiya olaraq 320 manat verilir”.
Akif Nəsirli vurğulayıb ki, Azərbaycanda tətbiq edilən model “nəsillərarası həmrəylik” prinsipinə əsaslanır:
“Bizdə yığım əsaslı pensiya sistemi yoxdur. Hazırda nəsillərarası həmrəylik sistemi tətbiq edilir. Yəni əmək qabiliyyətli əhali işləyir və pensiyaçıları saxlayır. Pensiya kapitalından istifadə etmək üçün ilk növbədə həmin kapitalı formalaşdıran yığım sisteminə keçmək lazımdır. Hər kəsin şəxsi hesabında real kapital yığılmalıdır. Yalnız bundan sonra pensiya kapitalından birdəfəlik istifadə barədə qərar verilə bilər”.
İqtisadçı əlavə edib ki, hazırkı qanunvericilik belə bir addımın atılmasına imkan vermir:
“Nə bizim pensiya sistemi, nə də Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunu pensiya kapitalının müəyyən hissəsinin vətəndaşa birdəfəlik verilməsinə şərait yaradır”.
Aynurə İsmayıl
KONKRET.az
